10 Aprel 2017
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi aprelin 13-də Azərbaycanla bağlı 23 qərar elan edəcək. İşlərin əksəriyyəti azad seçki hüququ ilə bağlıdır. Bir qərar isə “Monitor” jurnalının baş redaktoru, 2005-ci il martın 2-də qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun ölümü və cinayətkarların məsuliyyətə cəlb olunmaması ilə bağlıdır.
Abzasşnet xəbər verir ki, bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb. Avropa İnsan Haqları Məhkəməsinin yaydığı məlumata görə, Elmar Hüseynovla bağlı qərar mərhum jurnalistin xanımı Ruşaniyyə Hüseynovanın 2010-cu ildə göndərdiyi şikayət əsasında çıxarılır.
Elan olunacaq 23 qərardan 22-i isə seçki şikayəti ilə bağlıdır. Ərizəçilər arasında AXCP sədri Əli Kərimli, müavini Gözəl Bayramlı, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, başqan müavini Tofiq Yaqublu, 2010-cu il parlament seçkilərində Milli Məclisə namizəd olan Nemət Əliyev, Salman İmanlı, Sərdar Məmmədov (Cəlaloğlu), Pəhan Hüseynov, Nəriman Yəhyayev, Sahib Kərimov, İlham Hüseynli, İkram İsrafil, Adil Qeybulla, Yaqub Babalı, Leyla Mustafayeva, Sultanhəmid Malikov, Arzu Səmədbəyli, Sitara Seynalova, Aslan Zeynalov, Qiyas Sadıqov və Bəxtiyar Hacıyev var.
Şikayətçilərin vəkilləri hüquqşunas İntiqam Əliyev, vəkillər Hafiz Həsənov və Əsabəli Mustafayevdir. Elmar Hüseynovla bağlı işdə isə ərizəçi Hüseynovanın hüquqlarını norveçli vəkil müdafiə edib.
Ruşaniyyə Hüseynova 2006-cı ildən Norveçdə sığınacaq alıb və orada yaşayır. O, Avropa Məhkəməsinə ərizəsində də yazıb ki, həyat yoldaşının qətlinə görə birbaşa hakimiyyəti ittiham edib və buna görə təhdid altında olub. Bu təhdidlərə görə də, ölkəni tərk etmək məcburiyyətində qalıb.
2005-ci il aprelin 6-da cinayət işi qətdən adam öldürmədən CM-nin 277-ci (terror) maddəsinə tövsif olunub. Həmçinin cinayət işi Baş Prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib.
2005-ci il mayın 4-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təzlükəsizlik Nazirliyi birgə bəyanat yayaraq, ictimaiyyətə məlumat verib ki, Elmar Hüseynovun qətlində Gürcüstan vətəndaşı olan Tahir Xubanovun iştirakı müəyyənləşib. Bəyanatda o da bildirilib ki, Tahir Xubanov hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub.
Hüquq-mühafizə orqanları mayın 20-də daha bir birgə bəyanat yayıblar. Bu dəfə ictimaiyyətə qətldə iştirakı olan daha bir nəfərin – Teymuraz Əliyevin müəyyənləşdirildiyi haqda məlumat verilir. Bu adam da Gürcüstan vətəndaşıdır. Eynilə, yenə də qeyd olunur ki, bunun da barəsində axtarış elan olunub.
Ruşaniyyə Hüseynova yazır ki, o, 2005-ci il mayın 31-də Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, həyat yoldaşının qətlinin istintaqı haqda məlumat almaq istədiyini bildirib. İstintaq onu zərərçəkmiş qismində tanısa da, istintaqın gedişi haqda heç bir məlumat verməyib.
Həmçinin qeyd edir ki, Norveçə mühacirət etdikdən sonra 2008-ci ildə vəkili, eləcə də Norveç Helsinki Komitəsi Azərbaycanın Baş Prokurorluğu və MTN-ə məktub yazaraq, Elmar Hüseynovun qətlilə bağlı cinayət işinə aid sənədlərin surətini istəyib.
MTN 18 iyul 2008-ci ildə Hüseynovanın vəkilinə göndərdiyi cavab məktubunda yazılıb ki, o, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmadığından və notarial qaydada etibarnamə təqdim etmədiyindən sənədlərin surətini əldə edə bilməz. Həmçinin qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə görə, zərərçəkmiş, eləcə də onun nümayəndəsi cinayət işinin materialları, o cümlədən müvafiq sənədlərlə yalnız ibtidai istintaq başa çatandan sonra tanış ola bilər. Cinayət işi üzrə istintaq isə davam edir.
Ruşaniyyə Hüseynovanın şikayətində həmçinin yazılıb ki, istintaq orqanı araşdırmaların davam etdiyini, cinayətdə şübhəli bilinən şəxslərin beynəlxalq axtarışa verildiyini iddia etsə də, onların axtarışı ilə bağlı İnterpolun qərarı yoxdur.
Ruşaniyyə Hüseynova İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə Dair Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 10-cu (ifadə azadlığı hüququ) və 13-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) pozulduğunu göstərib. Avropa Məhkəməsindən də bu pozuntuların tanınmasını istəyib.
O bildirir ki, həyat yoldaşı məhz jurnalist fəaliyyətinə, hökumətdə prezident də daxil olmaqla, yüksək vəzifəli məmurlar haqqında tənqidi məqalələr yazdığına görə qətlə yetirilib. Bu üzdən də hüquq-mühafizə orqanları bu cinayət açıb, qatilləri, sifarişçiləri cəzalandırmırlar.
Hüseynova Avropa Məhkəməsinə şikayətində də yazıb ki, həyat yoldaşı tənqidi məqalələrinə görə mütəmadi olaraq hədələnirdi. Xüsusən 2004-cü ilin yanvarında polis əməkdaşı onu ölümlə hədələyərək, prezident və ailəsi barədə məqalələrə son qoymağı tələb etmişdi.