Avropa Məhkəməsi: "Elmar Hüseynovun qətli effektiv araşdırılmayıb"

Avropa Məhkəməsi: "Elmar Hüseynovun qətli effektiv araşdırılmayıb"
13 Aprel 2017
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, aprelin 13-də "Ruşaniyyə Hüseynova Azərbaycana qarşı" işi üzrə qərarını açıqlayıb.
Bu haqda məhkəmənin saytı xəbər verir.
R.Hüseynova "Monitor" jurnalının 12 il əvvəl qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun həyat yoldaşıdır. O, E.Hüseynovun qətli ilə bağlı 2010-cu il fevralın 17-də məhkəməyə şikayət edib.
AİHM-in qərarında qeyd edilir ki, Azərbaycan dövləti E.Hüseynovun qətlə yetirilməsini effektiv araşdırmayıb. Hökumət buna görə mərhum jurnalistin həyat yoldaşına təzminat ödəməlidir.
ŞİKAYƏT HAQQINDA
Qərarda R.Hüseynovanın şikayətinə istinadla bildirilir ki, E.Hüseynov tənqidi məqalələrinə görə mütəmadi olaraq hədələnib, azı 34 dəfə məhkəməyə çəkilib. Xüsusən, 2004-cü ilin yanvarında polis əməkdaşları onu ölümlə hədələyiblər. Ondan prezident və ailəsi barədə məqalələrə son qoymaq tələb edilib.
2005-ci il mart ayının 2-də, axşam saat 9 radələrində E.Hüseynov işdən evə qayıdarkən yaşadığı binanın üçüncü mərtəbəsində – mənzilinin qarşısında 7 güllə ilə qətlə yetirilib. Azərbaycan prezidenti bu qətli "ölkənin reputasiyasına böyük ləkə və Azərbaycanın demokratik inkişafına zərbə" kimi qiymətləndirib.
Martın 2-də hadisədən dərhal sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanıb. 2005-ci il aprelin 6-da cinayət işi qəsdən adam öldürmədən CM-nin 277-ci (terror) maddəsinə tövsif olunub. Həmçinin, cinayət işi Baş Prokurorluqdan alınaraq Milli Təhlükəsizlik Nazirliyinə verilib.
Mayın 4-də isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə bəyanat verərək bildiriblər ki, E.Hüseynovun qətlində Gürcüstan vətəndaşı T.X. iştirak edib. Bəyanatda o da bildirilib ki, T.X. hadisədən dərhal sonra Azərbaycanı tərk edib və bu səbəbdən onun barəsində beynəlxalq axtarış elan olunub. Həmçinin qeyd olunub ki, istintaq araşdırmaları ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Türkiyənin Mərkəzi Təhlükəsizlik İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində aparılıb.
R.Hüseynova dəfələrlə həyat yoldaşının qətli ilə bağlı effektli araşdırmaların aparılmasından ötrü Milli Təhlükəsizlik Nazirliyinə müraciət etsə də, məlumat ala bilməyib.
Şikayətdə qeyd edildiyinə görə, R.Hüseynova həyat yoldaşını hakimiyyətin qətlə yetirdiyi barədə açıqlamalar da verib. Buna görə, hadisədən sonra bir il təhdid altında olub. Bu səbəbdən də 2006-cı ildə ölkəni tərk edərək Norveçdə sığınacaq alıb.
2008-ci ildə ərizəçinin vəkili, Norveç Helsinki Komitəsi Azərbaycanın Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinə məktub yazaraq, E.Hüseynovun qətli ilə bağlı cinayət işinə aid sənədlərin surətini istəyib.
Milli Təhlükəsizlik Nazirliyi isə cavab verib ki, norveçli vəkil Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmadığından və notarial qaydada etibarnamə təqdim etmədiyindən, sənədlərin surətini əldə edə bilməz.
R.Huseynova şikayətində bildirib ki, həyat yoldaşını Azərbaycan hakimiyyəti qətlə yetirib və bu səbəbdən dövlət orqanları bu cinayət işi üzrə effektiv araşdırma aparmayıb. O, məhkəmədən tələb edib ki, Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitələri hüququ) maddəsinin pozuntusunu tanısın.
AİHM-IN QƏRARI
Qərarda qeyd edilir ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb.
AİHM hesab edib ki, hökumət bununla Avropa Konvensiyasının 2-ci (Yaşamaq hüququ) maddəsinin pozuntusuna yol verib.
Məhkəmə R.Hüseynovanın digər pozuntularla bağlı iddialarını araşdırmağa ehtiyac olmadığını öz qərarında qeyd edib.
Azərbaycan hökuməti R.Hüseynovaya mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro ödəməlidir.
R.Hüseynovanı Avropa İnsan Hüquqları Məhkəməsində əcnəbi vəkil - Osloda fəaliyyət göstərən K.Rognlien təmsil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun