28 Aprel 2017
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyasının sədri (AŞPA) Pedro Aqramunt qurumun Büro iclasında iştirak etməyib.
Bu barədə Büronun iclasına sədrlik etmiş AŞPA-nın vitse-prezidenti, Mühafizəkarlar qrupunun sədri Rocer Geyl bildirib.
O qeyd edib ki, P. Aqramunt Büro iclasına gəlməyib və istefasını təqdim etməyib.
Bunu nəzərə alan Büro Aqramunta etimadsızlıq məsələsini səsverməyə çıxarıb. Səsvermə zamanı Büro üzvlərinin 19-u leyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb. Məsələnin əleyhinə səs verən olmayıb. Bununla da Aqramunta AŞPA adından danışmaq, qurumu təmsil etmək qadağan edilib.
Amma AŞPA-da sədri kənarlaşdırmaq (impiçment) proseduru olmadığı üçün Aqramunt hələ ki hüquqi baxımdan sədr sayılır.
AŞPA prezidentinin Rusiyanın Dövlət Dumasının nümayəndə heyəti ilə birlikdə Suriyaya səfəri və Bəşər Əsədlə görüşməsi Assambleyada ciddi narazılıqla qarşılaşıb.
Narazılar deyib ki, P.Aqramunt sadəcə, deputat deyil, AŞPA-nin prezidentidir. Onlar hesab edib ki, AŞPA prezidentinin Suriyaya səfər etməsi heç bir ölçüyə sığmayan addım olub. P.Aqramunt Suriyaya səfərin yanlış addım olduğunu anladığını deyib, deputatlardan üzr istəsə də etirazlar səngiməyib.
Pedro Aqramunt İspaniyanı təmsil edir. O, Avropa Xalq Partiyası qrupunun üzvüdür.
P.Aqramunt 2016-cı ilədək AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olub. O, 5 il bu statusda çalışıb.
P.Agramunt-un 2016-cı ilin əvvəlində AŞPA prezidenti seçilib.