29 Aprel 2017
Mətni dəyiş
Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Kamran Bayramov, Azər Kərimli, Elşad Həsənov və Elman Nəsirov qurumun 14-cü plenar sessiyasında iştirak etmək üçün Belçikanın Brüssel şəhərində səfərdə olacaqlar.
"Report"un xəbərinə görə, səfər mayın 1-dən 4-dək nəzərdə tutulub.
Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan yeni çoxtərəfli müqaviləyə dair müzakirə aparılacaq, məqsədlər və imkanlar araşdırılacaq. Qurumun həmsədrləri Cavanşir Feyziyevlə Səyyad Kərim ikitərəfli əlaqələrin dərinləşməsində Parlament Əməkdaşlıq Komitəsinin rolunun artırılmasına dair təkliflərini diqqətə çatdıracaqlar.
Plenar iclasda qurumun vitse-həmsədri Kamran Bayramov “Azərbaycanda siyasi dialoq və islahatlar”, Elman Nəsirov isə “Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar” mövzusunda məruzə edəcəklər. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cəhdlər” barədə Azər Kərimli və Elşad Həsənov komitə üzvlərinə ətraflı məlumat verəcəklər.
Sessiyanın yekununda birgə bəyanat və tövsiyələr qəbul ediləcək.