27 Aprel 2017
Mətni dəyiş
Ruslan Qara
Əlahəzrət yeni sərəncam imzalayıb. Belə ki, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına (1000 manat), həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (yalnız dul arvadlarına), arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə ( 500 manat) birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam verib. Sərəncamın icrası üçün də prezidentin ehtiyyat fondundan 7,2 milyon manat pul ayırılıb.
Əla! Alqışlayıram! Amma tarixə qısa bir nəzər salaq: İkinci Dünya müharibəsində iştirakçı olmuş azərbaycanlıların sayı təxmini 600.000 nəfərdir. Elə bunun təxminən yarısı müharibədən evlərinə qayıda bilməyib. Digər tərəfdən müharibədə iştirak etmək üçün minimum 18 yaşının tamam olması lazım idi. (istisnalar ola bilər). Deməli, müharibədə iştirak edənlər ən az 1927-ci il təvəllüd olublar. İndi yardımı alacaq oların ən balacasının yaşını təxmin edə bilərik - 90 yaş. Pulu da yalnızca müharibədə iştirak edənlər və onların yoldaşları ala bilər.
Məbləğ təxminən 11000 nəfərə çatacaq. Bəs Azərbaycanda yaşı 90-dan çox olan nə qədər adam var? Nəzərinizə çatdırım ki, 2015-ci ilin rəsmi statistikasında bu rəqəm 7224 (4776 nəfər az) nəfərdir. Nə deyək, Allah ömür versin. İndi keçək məsələnin bir başqa tərəfinə:
Hökumət 13500 nəfər şəhid ailəsinin hər birinə 11 min manat sosial sığorta (xalq arasında qan pulu deyirlər) haqqı ödəməlidir. Bu pul 1994-cü ildən bu günə qədər hələ də şəhid ailələrinə ödənilmir. Yüzlərlə şəhid valideyni bu pulu ala bilmədən artıq dünyasını dəyişib, minlərlə şəhid övladı bu pulu almadan kasıblıqla, bir gün ac, bir gün tox böyüməli olub.
İndi bunu necə başa düşək? Öz halal torpaqları uğrunda canından və sağlamlığında keçmiş şəhid və veteranlarına veriləcək sosial yardımı çox görən bu rejim mənsubları İkinci Dünya müharibəsində həlak olan Azərbaycan vətəndaşlarınınn sağ qalan ailə üzvlərinin həyat şərtlərini gerçəkdən düşünməsi absurduna inanmağımızı gözləyirlər. Bu, böyük qardaşları hesab etdikləri Rusiyaya növbəti xoşagəlmə çabası, başına sığal çəkilməsi üçün gözlərini əllərinə zilləyən əmrə müntəzir xidmətçi durumundan başqa bir şey deyildir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.