27 Aprel 2017
Mətni dəyiş
“Prezident İlham Əliyevin bu ilin fevralında Brüsselə səfəri əsnasında keçirilmiş görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan-Avropa Birliyi əməkdaşlığının inkişafında mühüm zəmin yaradıb”.
Abzas.net xəbər verir ki, aprelin 26-da Avropa Birliyinin (AB) Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devini qəbul edən xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O deyib ki, həlli uzadılmış münaqişələrə münasibətdə ərazi bütövlüyü və suverenliyə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılması vacibdir.
Görüşdə Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin hazırkı səviyyəsi, əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub. Xüsusilə Azərbaycan-AB arasında tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.
Nazirlikdən yayılan məlumata görə, L.Devin Bakıda Azərbaycanla AB arasında tərəfdaşlıq sazişinin razılaşdırılması ilə bağlı keçirilən danışıqlara toxunub. O, deyib ki, saziş layihəsi üzrə aparılan danışıqlar məhsuldar keçir, bundan məmnundurlar.
Müzakirələrdə sazişlə bağlı danışıqların tezliklə yekunlaşmasından ötrü görüşlər və video konfranslar vasitəsilə təmasların davam etdiriləcəyi bildirilib.