Əli Kərimli: "Bu bizdən qisas almaq cəhdidir"

Əli Kərimli: "Bu bizdən qisas almaq cəhdidir"
21 Aprel 2017
Mətni dəyiş
AXCP sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saat şahid qismində ifadə verib.
O prokurorluqda ifadə verdikrən sonra jurnalistlərə bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb, Azərbaycandakı müxalifət partiyalarından verilmiş saxta sənədlər araşdırılır.
“Hesab edirəm ki, bu işə görə partiyamız və şəxsən özüm zərəçəkmiş kimi tanınmalıyam. Çünki, əslində bu saxta sənədləri verən adamlar partiyamıza qarşı qara piar üçün zəmin yaradır və hakimiyyət mediası, hakimiyyətin troll komandası bundan bizə qarşı istifadə edir. Ona görə, biz də lazımi ifadələri verdik. İstintaqa bildirdik ki, biz hamıdan artıq maraqlıyıq ki, bizim adımızdan saxta sənəd verən şəxslər dərhal müəyyənləşsin, onlar məsuliyyətə cəlb olunsun".
O eyni zamanda, ölkədə çoxsaylı korrupsiya faktlarının da araşdırlmasını istəyir.
“Amma, bütövlükdə deməliyəm ki, ölkədə bu qədər nəhəng korrupsiya faktları gündəmdə olduğu halda, şəxsən özüm Respublika Prokurorluğuna dəfələrlə ağır cinayətlərlə, korrupsiya halları ilə bağlı müraciət etməyimə baxmayaraq, o məsələlərin araşdırılmaması və əslində bu işdə mən və partiyanın funksionerləri zərəçəkmiş olduğumuz halda, gedib cinayətkarları axtarmaq əvəzinə, bizim istintaqa cəlb olunmağımız və bundan istifadə edib hökumət mediasında bizə qarşı qara piar kampaniyası aparılması partiyamıza qarşı təzyiqdir”.
AXCP sədri hesab edir ki, iqtidar onları istintaqa çağırmaqla qisas alır.
“Bu partiyamızın Milli Şura ilə birlikdə keçirdiyi “Talana son! Korrupsiyaya son! Monarxiyaya son!” mitinqlərinə görə, bizdən qisas almaq cəhdidir, bizə qarşı qara piar üçün zəmin yaratmaqdır. Amma, belə təzyiqlər, belə formalı müdaxilələr bizim fəaliyyətimizə mane ola bilməz. Biz doğru bildiklərimizi davam edəcəyik. Azərbaycanda gerçək korrupsiya ilə, qanunsuzluqla, cinayətkarlıqla mübarizəmiz bir an da səngiməyəcək”, o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun