15 Mart 2017
Mətni dəyiş
Martın 14-dən 15-nə keçən gecə "Müsəlman Birliyi" Hərəkatının daha bir üzvünün saxlandığı bildirilir.
Bu haqda yazar Zümrüd Yağmur məlumat yayıb.
"Bu gecə saat 2-də "Müsəlman Birliyi" Hərəkatının Rəyasət heyətinin üzvü Elxan İsgəndərovu evindən həbs ediblər. "Papanin"də yaşayan Elxan İsgəndərovun ailəsi bildirir ki, gələnlərə qapını açan olmayıb, onlar pəncərəni qırıb evə giriblər. Evdə yatan ailə Elxanı son gördüyündə onun başına qara maska keçirilibmiş",-deyə o bildirib.
Elxan İsgəndərovun yaxınları onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını güman edirlər.
Ancaq, bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.
XATIRLATMA
2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Həmin olaylar zamanı "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Rəsmi bilgilərə görə, hazırda Nardaran olayları ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.
Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.
Qətl və ağır cinayətlərdə ittiham edilən18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov 20 il həbs cəzası alıb.
Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Onlar da silahlı iğtişaş və başqa ağır cinayətlərdə ittiham edilirlər. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.
Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.
Son həftələr "Müsəlman Birliyi" Hərəkatının bir neçə üzvü də saxlanaraq inzibati qaydada həbs edilib.