17 Mart 2017
Mətni dəyiş
Dünən prezident İlham Əliyevin imzaladığı sərəncamla cəzanın çəkilməmiş hissəsindən azad edilən NİDA Vətəndaş Hərəkatının üzvü, bloqqer Əbdül Əbilov azadlığa çıxıb.
Abzas.net xəbər verir ki, Əbdül Əbilovu həbsxananın qarşısında ailə üzvləri, dostları və media nümayəndələri qarşılayıblar. Jurnalistlərin suallarını cavablayan bloqqer verilən əfv sərəncamını yarımçıq adlandırıb.
"Bu sərəncam yarımçıqdır. İlkin Rüstəmzadə, İlqar Məmmədov, Seymur Həzi, Fuad Qəhrəmanlı və digərləri hələ də həbsdədirlər. Onlar da azadlığa buraxılmalıdırlar"- deyə o bildirib.
Əbdül Əbilov 22 noyabr 2013-cü ildə Yasamal rayonunda öz evinin yaxınlığında Daxili İçlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
2014-cü il mayın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əbilov 5 il 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı) maddəsi ilə təqsirli bilinirdi.
Məhkəmədə o bildirib ki, siyasi motivlərlə və facebookda fəallığına görə həbs edilib.
Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus hesab edirdi.