Natiq Cəfərli: "2 ildən sonra ÜDM qədər xarici borcumuz olacaq"

Natiq Cəfərli: "2 ildən sonra ÜDM qədər xarici borcumuz olacaq"
11 Mart 2017
Mətni dəyiş
“Azərbaycanda Xarici borcun hesablanması proseduru düzgün deyil. Hesablama zamanı yalnız dövlətin götürdüyü borcları nəzərə alırlar, amma dövlət zamanəti ilə götürülmüş kifayət qədər irihəcmli borclar var
Bu sözləri Abzas.netə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Təkcə SOCAR-ın götürdüyü borc dövlətin götürdüyü borclar qədərdir
“Təkcə SOCAR-ın götürdüyü borc dövlətin götürdüyü borclar qədərdir. Bundan başqa Azərenerjinin və AZAL-ın, o cümlədən digər dövlət şirkətlərinin də dövlət zəmanəti ilə götürdüyü borclar var. Bu borcların tamamını toplayanda, indikindən 2 dəfə çox adam başına düşən borc yaranır Azərbaycanda” – deyə Natiq Cəfərli bildirib.
Hökumət getdikcə daha çox borclanır
“Bu il ərzində azı 2 milyard dollarlıq yeni borc müqavilələrinin bağlanması ehtimalı var. 2 il bundan öncə Azərbaycanın xarici borcu ÜDM-un cəmi 8%-i idi və bu dünyada ən yaxşı göstəricilərdən biri idi. Son iki ildə həm borclanma sürəti artıb, həm devalivasiyalardan sonra ÜDM-un həcminə görə xarici borcumuz artıb. Əgər dövlət zəmanəti ilə götürülmüş borcları da hesablasaq, az qala 60%-ə yaxınlaşır” – deyə ekspert bildirib.
Cəmi 2 ildən sonra ÜDM qədər xarici borcumuz olacaq
“2018-ci ildə də borc müqavilələrinin bağlanması üçün həm Dünya Bankı ilə həm Valyuta Fondu ilə danışıqlar gedir. Nəzərə alsaq ki, həm bu il, həm gələn il xarici borc müqavilələri imzalanacaq, cəmi 2 ildən sonra ÜDM qədər xarici borcumuz olacaq. Bu da çox təhlükəlidir. Hökumət gələcəkdə bu borcların qaytarılmasında çox böyük çətinliklər çəkəcək. Dövlət vəsaitinin çox hissəsi xarici borclara gedəcək və daxildə sosyal layihələrin həyata keçirilməsinə daha az vəsait ayrılacaq. Bu da əhalinin daha da yoxsullaşmasına gətirib çıxardacaq” deyə N.Cəfərli bildirib.
Ekspert deyir ki, Azərbaycan hökuməti daxildə vəziyyəti düzəltməkdənsə, normal iqtisadi modelə keçməkdənsə, xaricdən borclanmağa üstünlük verir.
[caption id="attachment_5200" align="alignnone" width="987"] İqtisadçı Natiq Cəfərli[/caption]
“Təkcə 2017-ci ildə ilk dəfədir ki, Dövlət Büdcəsinin 12%-ə yaxını (1 milyard dollar)  xarici borcların ödənilməsi üçün ayrılıb. Bu da çox böyük rəqəmdir. Gələn il isə bunun 2 qatı qədər borc qaytarmalı olacağıq. Borclanma ilə bağlı vəziyyət kritik həddədir. Azərbaycan hökuməti daxildə vəziyyəti düzəltməkdənsə, normal iqtisadi modelə keçməkdənsə, xaricdən borclanmağa üstünlük verir” – deyə iqtisadçı N.Cəfərli bildirib.
İqtisadçı ekspert Vuqar Bayramov isə deyir ki, Azərbaycanın xarici borcunun ÜDM-dakı payı son üç ildə təxminən 3 dəfəyə yaxın artıb.
“Neftin qiymətinin aşağı düşməsindən sonra, biz xarici borcun getdikcə artmasını müşahidə etdik. Əgər 2014-cü ildə xarici borcumuz ÜDM-nun 8.2%-ni təşkil edirdisə, hal-hazırda bu rəqəm 20%-dir. Bu da ona görədir ki, Azərbaycan 2015-2016-cı illərdə daha çox xarici borc cəlb etdi. Bu həm Cənub Qaz Dəhlizinin inşası ilə bağlı idi həm də manatın devalivasiyası ilə” – deyə ekspert bildirib.
V.Bayramlı deyir ki, Maliyyə Nazirliyi xarici borc limlitləti müəyyənləşdirən zaman optimal limitləri müəyyənləşdirməlidir:
“Xarici borcun məbləğinin artırılması heç də arzu olunan deyil. Çünki ÜDM manatladır, xarici borc dollarla. Manatın dəyər itirməsi xarici borcu artırır və bu da Azərbaycanın ÜDM-da xarici borc payını artırır. Düzdür, hələlik Azərbaycan üçün xarici borcun ÜDM-dəki payı riskli səviyyədə deyil, 20%-dir. Ancaq buna baxmayaraq, Azərbaycan daha çox ehtiyac duyulan işlər və sahələr üzrə xarici borc almalıdır”.
İqtisadçı bildirir ki, Maliyyə Nazirliyi də xarici borcun istifadəsi zamanı nəzarəti gücləndirməyə və şəffaflığı təmin etməyə çalışmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun