Müsavat: "Mehman Hüseynov fəaliyyəti hakimiyyəti narahat edirdi"

Müsavat: "Mehman Hüseynov fəaliyyəti hakimiyyəti narahat edirdi"
4 Mart 2017
Mətni dəyiş
"Mehman Hüseynovun çəkdiyi videosüjetlərdə hakimiyyətin yüksək vəzifəli məmurlarının korrupsiya əməlləri təkzibedilməz şəkildə sübut edilir. Sözsüz ki, onun bu cür fəaliyyəti korrupsiyaçı və mürtəce hakimiyyəti həmişə narahat edib və ona qarşı təzyiqlərə səbəb olub".
Bu sözlər Müsavat Partiyasının bloqqerin həbsi ilə bağlı yaydığı bəyanatda yer alıb.  
Sənəddə deyilir ki, bloqqer 9 yanvar 2017-ci il tarixdə Bakı şəhərində oğurlanaraq polis bölməsinə aparılıb və bir sutka orada saxlanılıb. Bu müddət ərzində o, işgəncəyə və insan ləyaqətini alçaldan rəftara məruz qalıb. Azadlığa çıxmış M.Hüseynov polisin bu özbaşınalığı haqqında məlumat yayaraq, DİN-in strukturlarını ifşa etdi.
"DİN bu məlumatlardan sonra M.Hüseynova qarşı qanunsuzluqlarda suçlu olanları cəzalandırmaq əvəzinə, onun özünü cəzalandırmaq qərarına gəldi". 
Bəyanatda bildirilir ki, beynəlxalq qurumların Azərbaycandan diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsini israrla tələb etdiyi bir zamanda, ona qarşı məhz bu maddə ilə cinayət işi qaldırıldı və Suraxanı rayon məhkəməsi hakimiyyətin göstərişinə əsasən qərar çıxardı.
Partiya Suraxanı rayon məhkəməsinin qərarını qanunsuz, siyasi sifarişlə çıxarılmış qərar kimi qiymətləndirir və Mehman Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edir.
"Bu həbs söz və mətbuat azadlığı haqqında beynəlxalq normalara və milli qanunvericiliyə tamamilə ziddir". 
Sənəddə deyilir ki, Müsavat Partiyası hakimiyyəti tənqidçilərini həbs etmək və başqa yollarla etiraz edənləri susdurmaq cəhdlərinə son qoyaraq ölkənin ağır iqtisadi və siyasi böhrandan çıxarılması, işğal edilmiş ərazilərimizin azad edilməsi üçün fəaliyyətə başlamağa çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun