29 Mart 2017
Mətni dəyiş
Demokratik Qüvvələrin Milli Şurası bu gün Koordinasiya Mərkəzinin növbəti iclasını keçirib.
Abzas.net xəbər verir ki, Koordinasiya Mərkəzi mitinq keçirməklə bağlı qərar qəbul edib. Qərarda deyilir ki, aprelin 9-u saat 3-də Məhsul stadionuna mitinq elan olunur.
AXCP sədri Əli Kərimli mitinqin şüarları ilə bağlı deyib ki, bu mitinq ölkədə geniş yayılmış korrupsiyaya qarşıdır.
"Azərbaycan dövlətinin varının talan edilməsinə, bu qədər varlı ikən xalqımızın yoxsul hala salınmasına qarşıdır. Bahalaşmaya, sülalə sisteminin formalaşdırmasına qarşıdır. Bu mitinq həmçinin, siyasi məhbusların azad edilməsi tələbi ilə keçiriləcək. Biz hesab edirik ki, azad düşüncəli insanlarımız, inanclı kəsim həbsdə olmamalıdır”.
Milli Şura rəhbərliyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayacaq.
Ötən həftədən Milli Şura daxilində mitinqlərin keçirilməyi ilə bağlı müzakirələr gedirdi.