Məhkəmə Anar Məmmədovun əmlakına həbs qoyub

Məhkəmə Anar Məmmədovun əmlakına həbs qoyub
25 Mart 2017
Mətni dəyiş
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub.
Bu qərar “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Qərar bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.
Sözügedən proses “Paşa Bank” ASC-nin keçmiş nəqliyyat nazirinin ailsiylə mülk üstündə yeganə məhkəmə çəkişməsi deyil. Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. Hazırda A.Məmmədov Londonda yaşayır.
Məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka (“Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), “Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A” ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki “Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5” ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub. Dekabrın 2-də verilən qərara görə, məhkəmə işi tamamlanadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.
“PAŞA Bank” ASC cavabdehlər – “Garant İnşaat Sənaye” MMC-yə (əvvəlki “Azbentonit” sement və tikinti qatqıları zavodu), “Garant Holding” MMC-yə, “Azpod” MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddia qaldırıb. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedir. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidir. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsinini də tələb edir.
Apellyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürüb.
“Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də tikinti sektorunda da fəaliyyət göstərən “ZQAN Konstrakşn” MMC, “Məmməd Araz küçəsi, ev 25V” ünvanında isə keçmiş “Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi.
Apelyasiya məhkəməsinin qərarından bir ay sonra Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Keçmiş nazir Ziya Məmmədovsa, hələlik, heç bir təyinat almayıb.
Maraqlıdır ki, "Paşa Bank" ASC eyni iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə də müraciət edib. Burada istəyinə nail olmayan bank oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində əmlakın üzərinə həbs qoydura bilib. Son nəticəsi barədə tərəflərin məlumat vermədiyi bu prosesdə bankın borcluları "Garant Holding" MMC, "Zqan Holdings Limited" şirkəti (Birləşmiş Ərəb Əmirlikləri), "Azpod" MMC və "Ameritex LLC" MMC olub.
Bu işlə bağlı məhkəmə çəkişməsinin nə yerdə olduğu barədə hələ bilgi yoxdur.
Şirkətin adı şübhəli lobbi işində
Hər iki məhkəmə prosesində adı çəkilən "Azpod" şirkətinin 4 il öncə bir qrup ABŞ konqresmeninin Bakıya səfərinin təşkilinə qatıldığı iddia olunurdu. Turan İnformasiya Agentliyi 2014-cü ilin yanvarında Vaşinqtondakı rəsmi mənbələrə istinadən yazırdı ki, "Humpty Dumpty Institute" qrupu və "Azpod" MMC noyabrda konqresmenlərin səfərinə 40 min dollara yaxın pul xərcləyiblər. Həmin illərdə Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan Amerika Alyansı ABŞ-da lobbiçiliklə məşğul idi. 2015-ci ilin yayında - Azərbaycanda iqtisadi böhranın dərinləşdiyi və neft pullarının azaldığı bir zamanda təşkilat fəaliyyətini dayandırdığını elan etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun