30 Mart 2017
Mətni dəyiş
Elnur Astanbəyli
Aylar öncə Azərbaycanda olduqca simvolik bir fakt açıqlandı. Həm də rəsmi fakt!
Birlikdə xatırlayaq: 2017-ci ilin yanvarında Hesablama Palatası 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələrini açıqladı; nəticələrdən nazirlikdə çoxsaylı korrupsiya hallarının varlığı aydın görünürdü, onlardan biri isə xeyli diqqətçəkici idi: nazirlik tərəfindən ziyafət xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən artıq xərcə yol verilib!
Əslində burada təəccüblü heç nə yoxdur, korrupsiya hakim rejimin varlıq səbəblərinin başında gəlir, bu ikisini bir-birindən ayrılıqda təsəvvür etmək nəinki çətindir, heç mümkün də deyil!
Bəs yuxarıda aşkarlanan korrupsiya faktını simvolik edən nədir?
Darıxmayın, izah edəcəm.
Ziyafətə, yeyib-içməyə gen-bol vəsait xərcləyən həmin bu Mədəniyyət (!) və Turizm Nazirliyinin rəhbəri Əbülfəs Qarayev bir neçə il əvvəl elə belə də demişdi: “Bakıda elə yerlər var, bir küçədə üç kitabxana yerləşir. Bir küçədə üç kitabxana saxlamağa zərurət yoxdur. Bu yolla dövlət büdcəsinə də qənaət edilər. Çünki biz dövlət büdcəsinə də qənaət etməliyik”.
“Qənaətcilliyin” dozasını görürsünüzmü? Yeyib-içmək məclislərinə, qarın doyurmağa istədiyin qədər, hətta büdcədə nəzərdə tutulduğundan artıq pul xərcləmək olar, amma bir küçədə üç kitabxana olmaz!
Bu, Azərbaycanın hansı zehniyyətlə idarə olunduğunun göstəricisidir.
Məhz eyni zehniyyət son 10-15 ildə, böyük sürətlə kitabxanaları kababxanalara, supermarketlərə çevirdi.
Məhz eyni zehniyyət illərdən bəridir kitab üzərindən ƏDV-ni götürməmək bir yana qalsın, heç olmasa, onu aşağı salmağa razılaşmır. Həmin ƏDV-nin boş verin gəlişmiş ölkələri, postsovet ölkələrinin çoxu, o cümlədən Ermənistan və Gürcüstan ilə müqayisədə qat-qat yüksək olduğunu bilməyən yoxdur.
Təkcə son 10 ildə ölkəyə yüz milyard dollardan artıq neft pulu gəldiyi halda kitabdan da “yun qırxmaq” nəyin görsənişidir? Məsələ yalnız pula hərislikdə deyil. Məsələ həm də ölkəni kütləvi savadsızlığa, total cəhalətə sürükləmək istəyindədir. “Nə qədər çox cəhalət, bir o qədər uzun səltənət!” – düstur budur.
Məktəblərin bilik məbədi olmaqdan çıxarılıb rüşvət yuvalarına dönüşdürülməsi də, müəllim adının bilərəkdən ucuzlaşdırılması, seçki saxtakarlığı, fondpulu, süpürgəpulu ilə assosiasiya etdirilməsi ona hesablanıb ki, toplum beyindən, bilgidən məhrum edilsin, yalnız və yalnız mədəsi ilə düşünsün.
Elə bilirsiniz, “mədəniyyət” adına camaata “bozbaş” müğənniləri sırımaqları boşunadır?
Elə bilirsiniz, ay zaurlardan, elgizlərdən boşuna “dəyər” düzəldirlər?
Elə bilirsiniz, “çağdaş mədəniyyətimizin siması” kimi təqdim etdikləri Nadir Qafarzadənin istedadlı insanlara “bir öz soyuducularına baxsınlar, bir də mənim” deməsi məqsədsizdir, sıradan bir boşboğazlıqdır?
Elə bilirsiniz, Yazıçılar Birliyi tipli sovetdənqalma, donos qoxuyan, ələbaxımlılığa öyrəşmiş yaltaqlıq inistutlarını boşuna qoruyub-saxlayırlar?
Hamısının tək məqsədi var: Azərbaycanda yeganə ölçü vahidi maddiyyat olsun, mədə olsun, mənəvi dəyəri olan hər şey ikrah və ironiya obyektinə çevrilsin.
Çünki yalnız bu halda - mənəvi olan hər şeyin dəyərsizləşdiyi, gərəksizləşdiyi, maddiyatın isə yeganə gücə çevrildiyi şəraitdə hakimiyyətdən asılılıq da artır, hər cür talana, oğurluğa bəraət də.
Və ən əsası: belədə siyasi səltənətin öz uzunömürlülüyünü qoruması, təhlükələrdən sığortalanması daha rahat və asandır!
Bunu yaxşı bildikləri üçün qurduqları “yeni Azərbaycan”da təhsilə, mədəniyyətə, elmə yer yoxdur. Kababxanaya yer var, kitabxanaya yer yoxdur. Kababa pul var, kitaba pul yoxdur.
Nəticə? Nəticə göz önündədir: görün ətrafımızdakı insanların mütləq çoxluğu nələrin uğrunda yarışa giriblər - kim qızına daha bahalı cehiz verib? Kim ölüsünə daha dəbdəbəli başdaşı qoyub? Kim uşağını “çax-çuxu” daha çox olan işə düzəldib? Kimin ağzında qızıl dişi daha çoxdur? Və sair və ilaxır.
Şair necə demişdi? “Dəli bir ağlamaq keçir könlümdən...”
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.