Keçmiş müstəntiqin üç gün diziüstə saxlanıldığı deyilir

Keçmiş müstəntiqin üç gün diziüstə saxlanıldığı deyilir
15 Mart 2017
Mətni dəyiş
"Rüfət üç gün soyuq "kars"da, beton döşəmənin üstündə diziüstə qalıb. Səhərlər yatağı da götürüb aparıb, bir də axşam gətiriblər. Ona səhər, günorta və axşam bir stəkan su veriblər, vəssalam. Siqaret istəyib, onu da verməyiblər", - ölkədə insan haqlarının pozulmasına etiraz olaraq, müstəntiq vəzifəsindən istefa verəndən sonra həbs olunan Rüfət Səfərovun atası Eldar Sabiroğlunun sözləridir.
O, Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin toplantısında həmin sözləri dilə gətirib və oğlunun həyatının təhlükə altında olduğunu söyləyib. Eldar Sabiroğlu onu da deyib ki, oğlu həbsxanaya köçürüləndən sonra ilk dəfə bir həftə, ikinci dəfə üç gün olmaqla, iki dəfə "karsa" salınıb. Hər ikisində də acınacaqlı şəraitdə saxlanılıb.
"Anası onu görəndə dəhşətə gəldi"
"Bu dəfə "kars"dan çıxandan sonra anası və mən onunla görüşə getmişdik, Rüfəti görəndə tanımadıq. Təxminən 15 kiloqram arıqlayıb, rəngi qapqara idi. Çətinliklə danışırdı, hətta yerişini də itirib. Anası onu görəndə dəhşətə gəldi, səbəbini soruşdu. Rüfət dedi ki, ona çox əziyyət verirlər. Belə başa düşürəm ki, niyyətləri Rüfəti Qobustandakı qapalı həbsxanaya göndərməkdir. O qədər intiqam hissi ilə yanırlar ki, onu məhv eləmək niyyətləri də istisna olunmur. Oğlumun taleyi ilə bağlı müəmmalar məni narahat edir", - Eldar Sabiroğlu belə deyir.
Rüfət Səfərovla bağlı mətbuat konfransı. 14mart2017
Rüfət Səfərovun "kars"a salınmasının səbəbinə gəlincə, atası söyləyir ki, oğlu oturduğu yerdə keçmiş polis işçisi olan bir məhkum gəlib, ona "sən vətən xainisən" deyib. Rüfət Səfərov da təxribat olduğunu düşünərək, cavab verməyib, birbaşa cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məsələ haqda məlumat verib. Ertəsi gün onun özünü cərimə kamerasına salıblar.
Diplomatik korpusa müraciət
Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin sədri olan Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bildirib ki, komitə xarici ölkə səfirliklərinə, beynəlxalq təşkilatlara müraciət edib. Rüfət Səfərovun "vicdan məhbusu" kimi tanınmasından ötrü də bəlli addımlar atılıb.
"Rüfət Səfərovun başına gələnlər islah yerlərinin işgəncə yuvasına çevrildiyini deməyə əsas verir", - Eldəniz Quliyevin sözləridir.
Yaxınlarının keçmiş müstəntiqlə bağlı söylədiklərinə Penitensiar Xidmətin reaksiyasını öyrənmək, hələlik, mümkün olmayıb.
Xatırlatma
Rüfət Səfərov 2015-ci il dekabrın 20-də bəyanat yayaraq Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. O, bəyanatında hakimiyyəti hüquq mühafizə orqanlarının işinə görə tənqid edib. Ardınca Rüfət Səfərov saxlanılıb və təkrar rüşvət ittihamı ilə Binəqədi Rayon Məhkəməsində hakim önünə çıxarılıb. Məhkəmə onun haqqında üçaylıq həbs qətimkan tədbiri seçib. Ötən il yanvarın 22-də həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi istintaq apararaq, Rüfət Səfərovu rüşvət almaqda təqsirləndirib.
Lənkəran Ağır Cinayət İşləri üzrə Məhkəməsi 2016-cı ilin sentyabrında ona 9 il həbs cəzası kəsib və keçmiş müstəntiq elə məhkəmə zalındaca həbs olunub.
Rüfət Səfərov özünü təqsirli bilmir, ölkədə insan haqlarının durumunu tənqid etdiyinə, buna etiraz edib prokurorluqdan istefa verdiyinə görə cəzalandırıldığını bildirir.
Rüfət Səfərovun atası Eldar Sabiroğlu vaxtilə YAP-dan deputat və daha sonra Müdafiə Nazirlinin mətbuat xidmətinin rəhbəri olub

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun