Keçmiş deputatın məhkəməsində şahidlər ifadə verib
2 Mart 2017
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.
"İntertekstil" şirkətinin əməkdaşı Paşa Namazov deyib ki, onlardan bankdan kredit götürmək üçün sənədləri imzalamaq tələb olunub: "Biz də banka gedib, sənədləri imzaladıq. Demişdilər ki, bu, şirkət üçün lazımdır".
Şahid Ramiz Kərimov da eyni məzmunda ifadə verib.
Bayram Əliyev şahid ifadəsində bildirib ki, rəhbərliyin göstərişi ilə banka gedib, sənədləri imzalayıb: “Şirkətdə işləyirdim. Dedilər, fabrikə kömək üçün kredit götürmək lazımdır. Biz də deyilənləri etdik".
Anar Novruzov da oxşar məzmunda ifadə verib.
Şahid Şahin Qulamov isə Dünyamin Xəlilovun göstərişi ilə banka gedib sənədlərə qol çəkdiyini bildirib: "Bizə baş mühasib dedi ki, Dünyamin müəllim bununla bağlı göstəriş verib ".
Gülbuta İslamova şirkətdə xadimə işlədiyini və rəhbərliyin göstərişi ilə iki dəfə banka gedib sənədlərə qol çəkdiyini deyib. Şahid Etibar Babayev bankda ağ kağıza qol çəkdiyini bildirib: "Bizə dedilər, şirkətə pul ayrılıb, sənədlərə qol çəkmək lazımdır".
Şahid Üzeyir Mirzəyev həmin şirkətdə işlədiyini, Dünyamin Xəlilovu rəhbər kimi tanıdığını, bankda sənədlərə qol çəkdiyini deyib.
Proses martın 9-da davam edəcək.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.