Kasıblaşan Azərbaycanın pambıqçılıq arzuları

Kasıblaşan Azərbaycanın pambıqçılıq arzuları
31 Mart 2017
Mətni dəyiş
Nefti tükənməyə doğru gedən və neft gəlirləri ilbəil azalan Azərbaycan indi kənd təsərrüfatına, xüsusilə bir zaman yaxşı gəlir mənbəyi hesab edilən pambıqçılığa üz tutub.
"Təbii imkanlar" yolu ilə iqtisadiyyatı inkişaf etdirməyi planlaşdıran hökumət 2016-cı ildə pambıqçılığın inkişafına dəstək üçün sərəncamlar imzalayıb, müşavirələr keçirib və büdcə ayırıb.
"Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik", prezident İlham Əliyev bu həftə pambıqçılığın inkişafı məsələlərinə dair ikinci respublika müşavirəsində söyləyib.
Hazırda son iki ildə həyata keçirilən layihələr nəticəsində pambıqçılıq kövrək addımlarını atsa da, hökumət pambıqçılığa valyuta gətirən və sosial sahə kimi baxır.
Tənqidçilər bunun qeyri-strateji və yerinə yetirilməsi çətin xülya olduğunu deyirlər, fermerlər isə gəlirlərinin çəkdikləri xərci ödəmədiklərini qeyd edirlər.
1 illik əziyyətin bəhrəsi: 50 km yol çəkmək pulu
Gömrük Komitəsinin "Xarici iqtisadiyyatın vəziyyəti barədə" arayışına əsasən, 2015-ci ildə 8431 ton pambıq ipliyinin satışından təxminən 14 milyon 390 min dollar gəlir gəlib. 2016-cı ildə 9362 ton pambıq ipliyi 18 milyon 13 min dollara satılıb.
İqtisadçı Qubad İbadoğlunun fikrincə, bu çox kiçik məbləğdir. "18 milyona indiki qiymətlərlə 50 km yol çəkmək mümkündür", cənab İbadoğlu müqayisə edir.
Bəs Azərbaycan pambığı hara ixrac edir? Sənaye Nazirliyinin pambıq və pambıq məhsullarının ixracı şirkətlərin kataloqunda Rusiya, Türkiyə, İran, Gürcüstan, Malta və Ukraynanın adı çəkilir.
Qubad İbadoğlu, gəlirliyi az olduğundan pambığı valyuta potensiallı ixracat məhsulu hesab etmir.
"Hətta region səviyyəsində rəqabətə malik deyilik. Pambıqçılıqda dünya üzrə ilk 25-liyə daxil olan ölkələrdə istehsal 500 min tondan yuxarıdır. Azərbaycanda hədəf 300 min tondur və hələ biz buna nail ola bilmirik və istehsalın 500 min tona qaldırılması yaxın 5 ildə mümkün olmayacaq", cənab İbadoğlu əlavə edir.
Pambıqçılıq: əkin sahələri və istehsalın həcmi
2017-ci il üzrə rəqəmlər proqnozlara əsasən verilib
[caption id="attachment_29917" align="alignnone" width="592"] Statistika Komitəsi[/caption]
Kənd təsərrüfatı üzrə iqtisadçı Vahid Məhərrəmov da pambıqçılığın strateji bir sahə kimi qeyd edilməsini düzgün hesab etmir.
"Starteji məhsul kimi bizim onun istehsal vasitələrini - traktorlar, toxum, dərmanlar, gübrələr, qoşqu avadanlıqlarını daxildə istehsal etməyə elə də resursumuz yoxdur."
Onun sözlərinə görə, pambıqçılığı "dövlət məmuruna tapşırmazlar", əksinə fermerlər taxılçılıq və meyvəçiklik kimi gəlirli sahələrdə rəqabət apara bilmədikdə pambıq əkmək qərarı verməlidirlər.
"Bunlar yerli kiçik məmurlara pambıq əkini ilə məşğul olmaq barədə tapşırıq verir. Pambıq əkininə, yığılmasına müəllimlərin, həkimlərin, hətta şagirdlərin cəlbi bizə rəqabətədavamlı məhsul istehsal etməyə imkan verməyəcək."
Pambıqçılıq üçün zaman tələb olunduğunu diqqətə çatdıran cənab Məhərrəmov qeyd edir ki, 1 günə 100 milyardlarla dollar xərclənə bilər, amma kadr yetişdirmək, təlimlər keçmək, elmi inkişaf etdirmək mümkün deyil.
Fermerlər "az qazanır"
"İndiyədək qazanc olmamışdı. Bu il biraz qazanc olub. Prezident fondundan 10 qəpik subsidiya ayırdılar, bizə çatan o oldu", Saatlı rayonunda "ata-baba məşğuliyyəti" pambıqçılıq olan fermer Şamil Hacıyev deyir.
"Keçən il 1 hektardan 50 sentinerdən artıq məhsul götürdük, bu, əla göstəricidir, sadəcə bu, az bir ərazini əhatə edir", deyən fermer ümumilikdə 15 hektar ərazini əkdiyini deyir.
Qazanca gəldikdə isə o, emalçıların 1 kq pambığa 50 qəpik ödədiklərini deyir.
"Çox azdır. Bu qiymət sərf eləmir. Pambığın xərci çox ağırdır".
Sovetin pambıq illəri
Vahid Məhərrəmov Azərbaycanda pambıq əkininə yanaşmanı Sovet İttifaqı illərindəkinə bənzədir.
"Bu yolu biz Sovetdə keçmişdik, bunun faydası olmayıb, şagirdlər oxumurdu, gedib pambıq yığırdılar, alaq toplayırdılar və bu da nəticə vermədi. Kiməsə ola bilsin ulduz verdi, şöhrətləndirdi, amma bizə elə də gəlir gətirmədi.
Hökumət isə təxminən iki ildir ki, çıxışlarda, ictimai müzakirələrdə çoxəsrlik pambıqçılıq ənənələrini vurğulayır.
Prezident Əliyev son müşavirədə pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrünün 1969-cu ildən Azərbaycan KP MK-nın katibi çalışmış atası Heydər Əliyevin adı ilə bağlayıb.
O qeyd edib ki, 1970-80-ci illərdə Azərbaycanda 800 min ton - 1 milyon tondan çox pambıq tədarük edilib.
Bu məhsuldarlıq səviyyəsini hədəfləyən hökumət pambıqçılığı həmçinin yeni iş yerləri kimi görür:
"Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq."
"Dönüş ili"
Dünya bazarlarında neftin qiymətinin azalması və digər amillər Azərbaycan valyutasının dəyərini son illərdə kəskin aşağı salıb və güclü inflyasiya yaranıb. Bu, hökuməti işsizliyi azaldan və gəlir gətirə biləcək kənd təsərrüfatı sahələrinə üz tutmağa məcbur edib.
2016-ci ili pambıqçılıqda "dönüş ili" adlandıran prezident Əliyev müşavirədəki çıxışında bildirib ki, bu il 22 rayonda ümumi sahəsi 136 min hektar əraziyə pambıq əkilməsi gözlənilir. Orta məhsuldarlıq isə hər hektardan 20 sentner səviyyəsində proqnozlaşdırılır.
Pambıqçılığın əməktutumlu kənd təsərrüfatı sahəsi olduğunu söyləyən hökumət başçısı onu bölgələrdə məşğulluğun artırılması üçün xeyirli hesab edir.
"... biz vətəndaşları, fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər gördük. Pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır, eyni zamanda, 10 qəpik subsidiya verilir."
Texnika və digər gərəkli istehsal alətlərinə də maliyyə ayrılıb, ötən il təxminən 100 ədəd olan kombaynın sayı 200-ə çatdırılıb.
Ötən il 51 min hektar ərazidən 90 min tona yaxın məhsul götürülüb. 2015-ci ildə isə 18 min hektardan 35 min ton pambıq tədarük edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun