İsveç Azərbaycanla bağlı korrupsiya işində bir neçə şirkəti araşdırır

İsveç Azərbaycanla bağlı korrupsiya işində bir neçə şirkəti araşdırır
15 Mart 2017
Mətni dəyiş
Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işilə bağlı İsveç prokurorluğu, yalnız bir yox, bir neçə şirkətin fəaliyyətini araşdırır, işi aparan İsveç prokuroru BBC Azərbaycancaya bildirib.
"Araşdırdığımız siqnalizasiya layihəsinə hazırda və keçmişdə aiddiyyatı olan bir yox, bir neçə fərqli şirkət var", - deyən Thomas Forsberg konkret şirkətin adını çəkə bilməyəcəyini bildirib.
Ötən cümə günü İsveç prokurorluğu 2013-cü ildə Azərbaycan dəmir yolunun təchizatı üzrə tenderlə əlaqədar Azərbaycan rəsmilərinə rüşvət verməkdə şübhəli bilinən Kanadanın Bombardier şirkətinin əməkdaşını həbs edib.
Thomas Forsberg-in sözlərinə görə təyyarə və dəmir yolu avadanlığı istehsal edən Bombardier-in bir neçə əməkdaşı Azərbaycan rəsmilərilə gizli sövdələşmədə şübhəli bilinirlər.
Azərbaycan Dəmir Yolları ilə əlaqə saxlamaq mümkün olmayıb.
2013-cü ildə ki, Bombardier Trasportation şirkəti Avropa ilə Asiyanı bağlayan Baknəqliyyat layihəsinin siqnalizasiya avadanlığı ilə təchiz edilməsi barədə tenderi qazandıqdan sonra ilk sifarişi qəbul etdiyini elan edib.
Thomas Forsberg bildirir ki, üç il əvvəl keçirilən tenderdə daha yüksək qiymət təklif edən başqa şirkətlərin iştirakına rəğmən müqavilə Bombardier şirkətilə imzalanıb.
"Bombardier başqa iştirakçılardan az təklif etsə də, 2013-cü ildəki tenderi qazandı", o deyib.
İsveç prokuroru antikorrupsiya işilə bağlı İsveçdə yaşayan Rusiya vətəndaşının həbs olunduğunu və növbəti məhkəmə iclasına kimi onun həbsxanada saxlanılacağını bildirib. Həbs edilən şəxsin vəkili ittihamları rədd edir.
Azərbaycanla təmaslar
Thomas Forsberg Azərbaycan tərəfilə istintaq çərçivəsində təmasda olub-olmadığı barədə suala cavab verə bilməyəcəyini deyib. Lakin onun sözlərinə görə məsələ beynəlxalq miqyaslıdır və antokorrupsiya işi üzrə bütün tərəflər əməkdaşlıq etməlidir.
İsveç prokuroru istintaq davam etdiyi üçün əlavə təfərrüatlara varmaq istəmədiyini bildirib.
Məsələ ilə bağlı araşdırma aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinə əsasən İsveçdə mənzillənən Bombardier Transportation AB qrupu Britaniyada qeydiyyatdan keçmiş və yalnız kağız üzərində mövcud olan şirkət vasitəsilə Azərbaycandakı rəsmilərə milyonlarla dollar ödəyib.
Məsələni araşdıran İsveçin TT agentliyi və Uppdrag Granskning TV proqramında bildirilir ki, Azərbaycan dəmir yollarının siqnallaşdırma avadanlığı ilə təchizatına dair müqavilə 340 milyon dollar dəyərindədir.
İddia olunur ki, üçüncü tərəf vasitəsilə alınmış dəmir yolu avadanlığı sonradan daha yüksək qiymətə satılıb.
İsveç prokurorluğuna əsasən dəlillər ötən ilin oktyabr ayında Bombardier-in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir.
Bombardier şirkətinin sözçüsü əməkdaşının həbs edildiyini təsdiqləyib, lakin əlavə şərh verməkdən imtina edib.
"Biz hakimiyyətlə tam əməkdaşlıq edəcəyik", - Barbara Grimm Reuters agentliyinə bildirib.
Kanadanın baş naziri Justin Trudeau cümə günü deyib ki, Kanada şirkətindən "ən yüksək etik davranış" standartlarına riayət edilməsini gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun