HRW: Olland həbsdəki fəalların, jurnalistlərin buraxılmasına çağırmalıdır

HRW: Olland həbsdəki fəalların, jurnalistlərin buraxılmasına çağırmalıdır
14 Mart 2017
Mətni dəyiş
"Fransa Azərbaycanda insan haqlarıyla bağlı durumu görməli, prezident F. Olland həbsdəki fəalların, jurnalistlərin buraxılmasına çağırmalıdır"
Bunu martın 14-də "Human Righst Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı yayıb.
Qurum təmsilçisi Filip Dam deyir ki, bu həftə Parisdə səfərdə olan "avtokratik Azərbaycan prezidenti" İlham Əliyev artıq bir neçə gözqamaşdırıcı foto çəkdirə bilib. Bir gün öncə Azərbaycan mediasını oxuyan istənilən şəxs Əliyevin qabaqcıl fransız şirkətlərinin liderləriylə fotolarını görməmiş deyil. Bu şirkətlər içində "Airbus", "Suez" və "Credit Agricole" var.
"Bu gün prezident Olland Yelisey Sarayında prezident Əliyevi qəbul edəcək, onun şərəfinə rəsmi nahar verəcək. Yenə də qəşəng fotolar peyda olacaq. Amma Azərbaycanda tənqidçilərin repressiyası, opponentlərin həbsi Parislə Bakının yeni münasibətlərinə sığırmı – şaqqıldayan kameralar qarşısında bunu kimsə düşünürmü?", – müəllif yazır.
Məqalədə vurğulanır ki, son illər Azərbaycan hakimiyyəti ölkədə dinamik vətəndaş cəmiyyətini təqib edib, onlarla fəalı, jurnalisti, siyasi opponenti həbsə atdırıb. Qanunvericiliyə müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdıran dəyişikliklər edib. Bir il öncə, ölkə iqtisadiyyatı neftin qiymətlərinin düşməsindən zərər gördüyü bir vaxtda, siyasi motivlərlə tutulanlardan bəziləri buraxılıb. Amma çox keçməmiş ümid işıqları sönüb, belə ki, buraxılanlara səyahət qadağaları, fəaliyyətlərinə əngəllər qalır. Onlarla şəxs siyasi motivlərlə həbsdədir. Müxalifət fəalı İlqar Məmmədov çoxsaylı çağırışlara baxmayaraq, buraxılmır. Bu yaxınlarda bloger Mehman Hüseynov da həbsə atılıb.
Parisə, Brüsselə, yaxud Avropanın digər paytaxt şəhərlərinə səfər edən prezident Əliyev ölkəsinə daha çox biznes imkanı və sərmayə qazandırmağa ümid edir. Amma öz xalqının insan haqlarının qorunması, şəffaflıq, yaxşı idarəçilik istəyini gözardı edir. Bu dəyərlərin müdafiəsinə qalxanlar daimi hücumlara və təqiblərə məruz qalır", – məqalədə deyilir.
"Olland açıq şəkildə İlqar Məmmədovun, eləcə də fəaliyyətinə və tənqidə görə tutulmuş digərlərinin buraxılmasına çağırmalıdır. İnsan haqları prinsiplərinə açıq-aşkar dəstək verilməməsi, haqsız yerə dəmir barmaqlıqlar arxasında yatanlara yanlış ismarış göndərmiş olar", məqalədə deyilir.
Hakimiyyət təmsilçiləri insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların qorunduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun