“Heykəl məhbusu” yeni köçürüldüyü həbsxanada xəstələnib

“Heykəl məhbusu” yeni köçürüldüyü həbsxanada xəstələnib
12 Mart 2017
Mətni dəyiş
“Həbsdəki gənc fəal Bayram Məmmdovun səhhətində ciddi problemlər var”.
Martın 11-də 13 saylı cəzaçəkmə müəssisəsində gənc fəalla görüşən vəkili Elçin Sadıqov Azadlıq Radiosuna açıqlamasında belə deyib.
Vəkilin bildirdiyinə görə, Bayram Məmmədov möhkəm soyuqdlayıb.
“Bu onun saxlanma şəraitinin uyğunsuz olması ilə bağlıdır. Onun müalicəsi və saxlanma şəraitinin yaxşılaşdırılması üçün gərəkli addımları atırıq. Ümid edirik ki, yaxın vaxtlarda gərəkli addımlar atılacaq”, vəkil qeyd edib.
E.Sadıqov gənc fəalın ümumi əhval-ruhiyyəsinin yüksək olduğunu deyib.
“Bayram xüsusilə, martın 1-də ad gününün ictimai fəal şəxslər tərəfindən qeyd olunmasından, sosial şəbəkələrdə doğum gününün vurğulanmasından, ona məktublar göndərilməsindən sevinib. Buna görə hər kəsə təşəkkür etdi”.
Vəkilin dediyinə görə, Bayram Məmmədov ad gününün sosial şəbəkələrdə qeyd olunmasından cəzaçəkmə müəssisəsində paylanan “Səs” qəzeti vasitəsilə xəbər tutub.
“Həmin qəzetdə gənc fəalla bağlı aşağılayıcı məzmunda “Cəbhənin "bayramsayağı" sərsəmliyi” sərlövhəli məqalə dərc olunub. Bayram dedi ki, onu söyməyə görə kimlərsə uşaqlarına çörək apara bilirsə, buna görə şaddır”, -vəkil əlavə edib.
Bayram Məmmədovu digər gənc fəal Qiyas İbrahimovla 2016-cı il mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2,904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.
Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2,607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.
Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.
“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun