"Hakimiyyət vəziyyətdən çıxış yollarını axtarır"

"Hakimiyyət vəziyyətdən çıxış yollarını axtarır"
8 Mart 2017
Mətni dəyiş
Azərbaycanda xüsusilə yeni vitse-prezidentin təyinatından sonra ölkədə ciddi islahatlar olacağı, hakim komandanın tərkibində yeniliklər barədə proqnozlar artıb. Ümumiyyətlə, bu vaxta kimi , son 25 ildə hansı sahələrdə əhəmiyyətli islahatlar olub? Yoxsa bunlar yalnız ümidlərdir?
Politoloq Zərdüşt Əlizadə deyir ki, nəyi isə dəyişmək istədikdə islahat həyata keçirilir. Politoloqun fikrincə, indiki hakimiyyətin qurduğu hökumət şəxsi mənafeyə xidmət etdiyindən nəyi isə dəyişmək məqsədi görünmür.
Zərdüşt Əlizadənin sözlərinə görə, bəzi kadr islahatları aparılsa da, mahiyyət dəyişməyəcək. Politoloq bildirir ki, hakimiyyət 25 ildir ki, xalqı “Xəyal plovu” ilə qidalandırır.
Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, ölkədə idarəetmə dəyişməyincə, yeni kadr təyinatları ilə ölkədə islahatların aparılması imkansızdır. Onun sözlərinə görə ölkədəki idarəetmə qüsurludur, vətəndaş cəmiyyəti və müstəqil media tamamilə sıradan çıxarılıb. Və belə bir zamanda islahatların aparılması mümkünsüzdür.
Azər Rəşidoğlu deyir ki, islahatlar ilk növbədə müstəqil məhkəmə sisteminin formalaşmasından başlamalıdır. Ekspert bildirir ki, islahatları aparmaq üçün ilk növbədə ciddi iradə və istək lazımdır. Onun sözlərinə görə hazırda bu istək görünmür.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, 2015-ci ildən ölkə böhran vəziyyətinə düşəndən sonra hakimiyyət vəziyyətdən çıxış yollarını axtarır. Onun fikrincə, böhrandan çıxış yolu yalnız islahatlardan keçir.
Mehman Əliyev bildirir ki, hakimiyyət bu məqsədlə “Yol xəritəsi” hazırladı və referendum keçirmək qərarı verdi.
Siyasi şərhçi bildirir ki, prezidentin dediklərinə əsaslansaq, aprel ayından həm institusional dəyişikliklər, həm də digər dəyişikliklər ola bilər. Mehman Əliyev bildirir ki, islahatsız ölkənin bu vəziyyətdən başqa çıxış yolu yoxdur.
Milli Məclisin deputatır Rasim Musabəyov deyir ki, islahatlar elan olunub. Onun sözlərinə görə, islahat ilk növbədə iqtisadi sahədə nəzərdə tutulub. Deputatın fikrincə kadr dəyişikliklərinin olacağı da istisna deyil.
Rasim Musabəyov qeyd edir ki, bu vaxta qədər zaman-zaman müxtəlif sahələrdə islahatlar aparılıb və bu islahatlar davamlı olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun