A.Hacılı: "Prezidentin elə cangüdənləri var ki, təsir dairələri baş nazirdən çoxdur"

A.Hacılı: "Prezidentin elə cangüdənləri var ki, təsir dairələri baş nazirdən çoxdur"
26 Mart 2017
Mətni dəyiş
Müsavat başqanı Arif Hacılı hökumətin bayram öncəsi, martın 17-si verdiyi hesabatı dəyərləndirib.
"Konstitusiyaya görə, Azərbaycanda hökumətin başçısı prezidentdir. İcra hakimiyyəti prezidentə məxsusdur. Ölkənin iqtisadi siyasətini, hökumətin tərkibini o, müəyyən edir. Nazirləri, hətta nazir müavinlərini, Nazirlər Kabinetinin məsul vəzifəli şəxslərini təyin etmək, vəzifədən azad etmək səlahiyyətləri də prezidentə aiddir.
Amma hökumət adından "hesabatı" nəinki real səlahiyyətləri, heç uğurlu bir bloqqer qədər də təsir imkanı olmayan baş nazir verir. Bu gün dövlət başçısının elə cangüdənləri var ki, təsir dairələri baş nazirdən çoxdur", - deyə A.Hacılı AzadlıqRadiosuna bildirib.
Martın 17-si baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunları ilə bağlı hökumətin hesabatını vermişdi.
O, hesabatında qeyd edirdi ki, 2002-2015-ci illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 46.7 faizdən 4.9 faizə enib.
Onun deməsinə görə, 2015-ci ilə nisbətdə 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi üzündən yoxsulluq səviyyəsi 1 faiz artıb.
Hesabata görə, 2016-cı ildə ÜDM 60 milyard 393.6 milyon manat təşkil edib: "Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3.1 faiz azalıb. Düşüşün əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmət istehsalının 22.9 faiz azalmasıdır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun