22 Mart 2017
Mətni dəyiş
Seymur Baycan
Bir ara bəndəniz də daxil olmaqla bir dəstə adam yazılar vasitəsi ilə guya camaata nəsə başa salmaq istəyirdi. Allah qoymasa guya biz mətbuat adamı sayılırdıq, üzə çıxan və çıxmayan xəbərlərin içində idik. Özümüzü başqalarından daha informasiyalı hesab edirdik. Qorxa-qorxa, çəkinə-çəkinə, ehtiyatla münasib bir adama baş verən, amma qəzət səhifəsinə çıxmayan hansısa hadisəni nəql edirdin və belə bir reaksiya ilə qarşılaşırdın: "Bıy, bilmirsən?", "Xəbərin yoxdu?"
Bir belə, iki belə, üç belə…Və günlərin bir günü qəfildən bəndənizə agah oldu ki, camaatımız hər şeydən lazımı qədər xəbərdardır. Bilmədikləri şey yoxdu. Sənin qorxa-qorxa, ehtiyatla danışdığın hadisədən çoxdan xəbərləri var. Nəinki xəbərləri var, hətta öz aralarında hadisəni müzakirə edib və özlərinə sərf edən nəticəni də çıxardıblar. Başa düşdüm ki, Azərbaycanda yaşayıb Azərbaycanda baş verən hadisələrdən xəbər tutmamaq mümkün deyil. Şansı yoxdu. Sadəcə hakimiyyət böyük oğurluğu rahat həyata keçirmək üçün kiçik oğurluqlara şərait yaratmışdı. Alan da razı idi, satan da. Yuxarılar da halından məmnun idi, aşağılar da. Bir növ kiçik və böyük oğurluqlar həyatın adi normativi kimi qəbul edilirdi. Belə olduğu halda zaman biz kimə nə başa salırıq? Yazıların, ümumilikdə bu teatrın mənası varmı?
Bir dəfə bir iqtisadçı dostumla şəhərdə gəzirdik. Bahalı bir restoranın qarşısından keçəndə o ayaq saxladı. Restoranın içində və həyətində oturmuş adamları göstərib dedi:
"Bunlara bax, oturub kef edirlər. Elə bilirlər bu onların həqiqi həyatıdı. Elə bilirlər elə belə də yaşamalıdırlar".
Doğrusu bu sözlərin iqtisadi mənada deyildiyini başa düşmədim. Dostumuz iqtisadçı olmaqla bərabər ədəbiyyatla maraqlanan adamdı. Elə bildim, restoranın içində və çölündə oturmuş adamlara oxuduğu hansısa bədii əsər arasında bir əlaqə görübdür. Düşündüm ki, dediyi sözlərdə nəsə bir ədəbiyyat əlaməti var. Ona görə də axmaqcasına bir sual verdim:
- Bəyəm bu onların həqiqi həyatı deyil?
- Əlbəttə yox, amma özlərini elə aparırlar, guya bu onların həqiqi həyatıdı.
Sonra iqtisadçı dostum “bu onların həqiqi həyatı deyil” deyərkən iqtisadi amilləri nəzərdə tutduğunu başa saldı.
Daha bir ibratamiz əhvalat yazmalıyam. Bir məclisə dəvətli idim. Gecikirdim deyə taksiyə minməli oldum. Həmin günlər olimpiyada yarışları keçirilirdi. Əldəqayırma olimpiyada yarışları yox, həqiqi olimpiyada yarışları. Bizim bir idmançımız da olimpiya çempionu olmuşdu. Dövlət ona mükafat olaraq 250 min manat verəcəkdi. Xəbərlərdə belə deyilirdi. Camaat da idmançımızın uğurlarına çox sevinirdi. Nə bilim bəlkə də sevinmirdilər, özlərini sevinirmiş kimi göstərirdilər. O qədər belə, buna bənzər hal olub ki. Vəziyyət və şəraitə uyğun olaraq azərbaycanlıların müxtəlif hissləri imitasiya etməsi peşəkar səviyyədədi. Harda ağlamaq, harda gülmək, harda sevinmək, harda kədərlənmək lazım olduğunu yaxşı bilirlər. Bəzən onlar öz rollarına o qədər aludə olurlar ki, bu onlarda sivil insan kimi yaşamaq illuziyası yaradır. Öz sistemləri var və bu sistemə yad adam tez-tez müəmmalarla qarşılaşır. Bir növ cəmiyyət üçün tilişkəyə çevrilir. Tilişkəni isə nə qədər təxirəsalmaz işlər olursa-olsun elə ilk fürsətdəcə çıxardırlar. Özü də sifət turşuda-turşuda, söyə-söyə. Qərəz, taksi sürücüsü ilə idmançımızın olimpiyada qızıl medal alması və dövlətin ona 250 min manat pul mükafatı verəcəyi mövzusunda söhbət etməyə başladıq. Dedim ki, 250 min manat böyük puldu. Amerika kimi bir superdövlət olimpiyadada qızıl medal almış idmançısına 25 min dollar mükafat verir. Bəyəm biz Amerikadan qüdrətli dövlətik? Əsas idman deyil, əsas iqtisadiyyatdır, incəsənətdir, mədəniyyətdir zad… Belə boş-boş danışıram. İfrat axmaq vaxtlarım idi. Həmin ərəfədə "Alatoran" jurnalının növbəti nömrəsini nəşr etmək istəyirdik, amma jurnalı nəşr etmək üçün bir dəstə adam min dollar pul tapa bilmirdi. Jurnal nəşr etməyə min dollar tapa bilmədiyimiz halda bir idmançıya dövlətin 250 min manat mükafat verilməsinin israfçılıq, səhv siyasət olduğunu bildirdim. Taksi sürücüsü, daha doğrusu sükan arxasında oturmuş budda halını pozmadan bütün danışdıqlarıma belə buddistik cavab verdi: “250 min manat Azərbaycanda balaca puldu”.
İndi elə bir dövrə gəlib çatmışıq ki, müxtəlif adamlar böhrandan çıxmağın yolları haqqında təkliflər səsləndirməkdədilər və səsləndirilən təkliflər müəllifin mənsub olduğu siyasi düşərgəyə, peşəsinə, intellektual baqajına münasib olaraq dəyişir. Sərt müxalif mövqeylilər problemin iqtisadi deyil, siyasi olduğunu deyirlər. Nisbətən loyallar islahat keçirilməsinin zəruri olduğun vurğulayırlar. Hərçənd özləri də qəşəng bilirlər ki, korrupsiyanın tüğyan etdiyi ölkədə heç bir islahat keçirilə bilməz. Amma bunlar işin, prosesin zahiri tərəfidi. Sanki bir vaxtlar bizim yazılar vasitəsi ilə camaata nəsə başa salmağımıza bənzəyir. Neftin qiymətinin düşməsi nəticəsində paketlər kəsilib, mənasız tenderlərin, iş yerlərinin sayı azalıb. Kiçik oğurluqları həyata keçirmək üçün əhatə dairəsi daralıb. Rahat manevr etməyə daha əvvəlki kimi şərait yoxdu. Beləliklə, daha manevr edə bilməyən, kəskin rəqabətə davam gətirməyən kiçik oğrular özlərini elə aparılar ki, guya bu illər ərzində baş verənlərdən xəbərləri olmayıb. Özlərini aldadırmış kimi aparırlar. Guya bunlarda birdən-birə aydınlanma baş verib, həqiqəti dərk ediblər. Bir vaxtlar "tikdikləri bizə qalacaq" sözündən ikiəlli yapışanlar, indi sürətlə ölkəni tərk etməkdədirlər. Soruşan gərəkdi, bə deyirdiniz tikdikləri bizə qalacaq, hara gedirsiniz, niyə qalıb bizə tikdiklərinə sahib çıxmaq istəmirsiniz? Xülaseyi - kəlam, həqiqi hadisələr, həqiqi olmayan həyatdan həqiqi olan həyata qayıdanların sayı yetərincə artanda baş verəcək. Vəziyyət ilk baxışdan acınacaqlı görünsə də hələlik həqiqi olmayan həyatdan həqiqi olan həyata keçənlərin sayı real hadisələrin baş verməsinə bəs edəcək qədər deyil. Ona görə heç kim tələsib özün "yandırmasın". İndi elə bir vaxtdır ki, oturub sakitcə gözləmək vaxtıdır. Yazılıq-pozuluq, iqtisadiyyatlıq, ədəbiyyatlıq, fəlsəfəlik, nəzəriyyəlik bir iş yoxdu.
Bəxtiyar Vahabzadə sağ olanda belə qarışıq vəziyyətlərdə camaata köməyi dəyirdi. Rəhmətlik real dəyişikliyi hiss etməyin ustası idi. Yadımdadı "Çeşmə" qəzeti onun haqqında belə bir mətn yazmışdı: “Havanın dəyişməsini sinoptiklər, hakimiyyətin dəyişməsini Bəxtiyar Vahabzadə hiss edir”. Bu mənada çox güclü kadr idi. Heyif. Kisəmizdən getdi. İndi yaman yeri görünür. İndikilər nə onun qədər usta olmasa da hər halda təcrübələri az deyil.
Çeslav Miloş “Kölə edilmiş aqil” əsərində yazır: “Cəmiyyətin inkişafının necə gedəcəyini bilmək üçün daha həssas şəxsiyyətlərin düşüncələrinin yönəldiyi istiqaməti müşahidə etmək kifayətdir”. Əlbəttə Çeslav Miloş bu sözü ciddi cəmiyyətlər və ciddi tarixi hadisələr barəsində deyib. Burası aydındı. Lakin bu sözü ölkəmizə uyğunlaşdırdıqda belə bir məsləhət verə bilərik; Neçə-neçə hakimiyyət yola salmış milli kahinlərimizin bu aralar yazılarını, müsahibələrini diqqətlə oxumaq lazımdı. Görəsəniz ki, nəsə nala-mıxa vururlar, əndirabadi, başı-ayağı məlum olmayan cümlələr işlədirlər, birləşməkdən, milli həmrəylikdən, qeyrətdən, Babekdən, Yaralı Arazdan, Təbrizdən, dar ağacından zaddan danışırlar bilin ki, deməli vəziyyət bulanıqdı. Bax o zaman üsyankar səfir, ipə-sapa yatmayan müstəntiq, yata bilməyən müəllim, ürəyi sıxılan həkim, dözə bilməyən şair, darıxan yazıçı kimi ifadələrə tez-tez rast gələcəyik. Bunun üçün kiçik oğurluğun, kiçik oğruların əhatə dairəsi kifayət qədər daralmalıdır. Hələlik tələsməyə ehtiyac yoxdu. Hadisələri qabaqlamayın. Həyatda hər şey ola bilər. Qızışıb özünüzdən çıxarsınız, sonra pərtlik yaranar. Əgər ya vəlvələdən, ya da zəlzələdən neftin qiyməti qalxsa, ya da buna bənzər bir hadisə baş versə, həqiqi həyata qayıtmışlar asanlıqla həqiqi olmayan həyatlarına davam edəcəklər. Yəni həqiqi olmayan həyatdan həqiqi həyata qayıtmışlar təzdən həqiqi olmayan həyata qayıdacaqlar.
Bəli, vaxt vardı camaatımız toyxana, meyxana, xoruz döyüşdürmək, it boğuşdurmaq yarışlarına sel kimi mesaj yağdırırdı. Yadımdadı bir yarışmaya iki müğənni çıxmışdı. Bir saatın ərzində bir müğənni 250 min, o birisi isə 235 min mesaj almışdı. O zaman etməyin, eləməyin dedikdə, bir qəzet oxuyun, kitab alın mövzularında təkrar-təkrar yazılar yazdıqda "Fərqlənmək istəyirlər", “Yazmağa mövzu tapmırlar”, “Uğursuz adamlardı” kimi cavablar alırdıq. Elələri də vardı ki, lap həyasızlıq edərək adamın üstünə açıq-aşkar şər atırdılar. Deyirdilər yəhudilərdən pul alıb milləti gözdən salırlar. Heç bir pis niyyətimiz yox ikən ara yerdə adımızı bədnam eləmişdilər. Belə yerdə yaxşı deyiblər: "Yazığımız gəldi am...q verdik, adımız qəhbə çıxdı".
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.