15 Mart 2017
Mətni dəyiş
Fevralın 20-də 30 sutka azadlıqdan məhrum edilən REAL üzvü, bloger Rahim Şalıyevə vəkiliylə görüşə icazə verilməyib.
Bu barədə Meydan TV-yə vəkil Yalçın İmanov məlumat verib. Deyib ki, martın 15-də Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində olub. Ancaq ona Rahim Şalıyevlə görüş izni verilməyib. Bunun üçün heç bir səbəb də göstərilməyib:
"Əvvəl “idarənin rəis müavini icazə verməlidir”, - dedilər. Bir az gözləyəndən sonra onun da icazə vermədiyi məlum oldu. Bununla bağlı Ombudsman Aparatıyla əlaqə saxladım. Onlar məsələni diqqətdə saxlayacaqlarını və görüşə icazə veriləcəyini söylədilər. Ancaq heç bir nəticəsi olmadı”.
Yalçın İmanov Sumqayıt Şəhər Polis İdarəsinin bu münasibətinin qanunvericiliyə zidd olduğunu deyir: “Bu cür hadisələr Sumqayıt Şəhər Polis İdarəsində dəfələrlə baş verib. Görünür, polis idarəsində qanunu nəzərə almırlar”.
Rahim Şalıyev xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinərək, 30 sutka müddətində inzibati qaydada həbs edilib.