Gürcüstanda azərbaycanlı müxalifətçinin oturumu ləğv olunub

Gürcüstanda azərbaycanlı müxalifətçinin oturumu ləğv olunub
22 Mart 2017
Mətni dəyiş
Martın 21-də Tbilisi Apellyasiya Məhkəməsi azərbaycanlı siyasi fəal Daşqın Ağalarlının siyasi oturumunu ləğv edib. D.Ağalarlıya bu hüququ Tbilisi şəhər Məhkəməsi vermişdi. Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib.
Bu haqda Turan-a Gürcüstanda yaşayan siyasi fəal Əfqan Muxtarlı bilgi verib. Onun bildirdiyinə görə, məhkəmədə qarşı tərəf qərarın ləğv edilməsi üçün yetərli hüquqi dəlillər göstərə bilməyiblər.
Müdafiə tərəfi hesab edir ki, qərar hüquqi yox, siyasi mahiyyətli olub.
Məhkəmə qərarına əsasən, D.Ağalarlı bundan sonra Gürcüstan ərazisində 1 ay qala bilər. Ardınca ölkəni tərk etməlidir. Əks halda o, deportasiya olunacaq.
Ə.Muxtarlının bildirdiyinə görə, bu müddət ərzində BMT-nin qaçqınlarla işləyən qurumları məsələni diqqətdə saxlamalıdır. Çox güman ki, D.Ağalarlı başqa bir ölkəyə ötürüləcək.
Müxalif fəal D.Ağalarlı 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanılmışdı. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyirdi.
Azərbaycanın hüquq mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olması əsası ilə onu İnterpol xəttilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanılmışdı. Ancaq gürcü məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən, o, azadlığa buraxılmışdı.
Daşqın Ağalarlının 48 yaşı var, iki övlad atasıdır. O, həm də milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. Sonrakı illərdə də Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.
Britaniyada yerləşən Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında da D.Ağalarlının başına gələnlərə yer verilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi bildirilirdi.
Azərbaycan rəsmiləri D.Ağalarlı ilə bağlı hər hansı açıqlama verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun