6 Mart 2017
Mətni dəyiş
AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri, 2016-cı ilin avqustundan həbsdə olan fəal Fuad Əhmədlinin ittihamları ağırlaşdırılıb. Gənc fəalın saxlandığı Kürdəxanı təcridxanasında martın 6-da müstəntiq bu haqda qərarı ona elan edib.
Bu barədə Azadlıq.info-ya açıqlamasında gənc fəalın vəkili Əsabəli Mustafayev bildirib.
Vəkil deyir ki, Fuad Əhmədli ilə bağlı istintaqda aylardır davam edən hərəkətsizlikdən sonra bu gün Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında onun iştirakı ilə kiçik bir istintaq hərəkəti aparılıb: “Fuad Əhmədliyə yeni məzmunda ittihamlar elan olundu. Daha doğrusu, əvvəl ona Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham elan olunmuşdu. O maddələr qaldı, amma ittiham özü ağırlaşdırıldı. Artıq o maddələrin birinci yox, ikinci bəndləri ilə ittiham olunur”.
Qeyd edək ki, CM-nin 302.2-ci maddəsində 5 ilədək, 308.2-ci maddəsində isə 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Vəkil onu da əlavə edib ki, yeni ittihamlarla Fuad Əhmədlinin durumu ağırlaşsa da, bu, onun əhval-ruhiyyəsinə təsir göstərməyib.
“Məni təəccübləndirən həm də odur ki, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin, bu yaxınlarda həbs olunan AXCP üzvü Elçin İsmayıllının və Fuad Əhmədlinin işini eyni istintaq qrupu aparır. Baxmayaraq ki, tamamilə başqa-başqa işlərdir, amma eyni icraatda birləşdiriblər”, – deyə Əsabəli Mustafayev bildirib.
Fuad Əhmədli ötən il avqustun 18-də həbs olunandan sonra hüquq-mühafizə orqanlarının onunla bağlı yaydığı məlumatda iddia olunurdu ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb. Guya, onun yaşadığı evdən də axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fətullah Gülənin çıxışları və s. sənədlər götürülüb.
Fuad Əhmədli isə bütün bunların yalan olduğunu bəyan edib.