30 Mart 2017
Mətni dəyiş
Gülnaz Məmmədli
Bir müddət öncə yerli televiziya kanallarının birində cinayət işləri haqda veriliş gedirdi. Bu dəfəki veriliş bir gənc oğlanı qətlə yetirən iki dost haqda idi. Əslində bu tip verilişlərə baxmıram heç vaxt, amma bu dəfə gözümü ala bilmədim ekrandan. İstindaq materialları, video çəkiliş, qatillərin cinayət yerindəki çəkilişləri və olayı anlatmaları və sair və ilaxır.
Bu iki dost içkili halda onlara söyüş söyən digər gənci növbə ilə bıcaqlayıblar. Sonra polisə təslim olublar. Yarım saatlıq verilişin məğzi bu idi ki, bu iki oğlan digərləri qarşısında “peysər” çıxmamaq üçün digər gənci dəfələrlə bıçaqlayaraq öldürüb. Çoxsaylı bıçaq xəsarətlərinin əksəriyyəti dərin deyildi, sadəcə səthi kəsiklər idi. Ancaq ürək nahiyyəsinə olan iki zərbə ölümcül olub. Bundan belə nəticəyə gəlmək olar ki, deyirdi aparicinin səsi, qatillərdən biri öldürmək istəməyib, qorxub, ancaq digər dost gəlib, son və ölümcül iki zərbəni yerinə yetirib.
Bu iki gənc qatil olmağı üstün tutdu. Niyə? Çünki bizim adət-ənənələrimiz var, mentalitetimiz var. Çünki onlar öldürməsəydi, onları qınaqdan, arxalarıyca deyiləcək “peysər”, “kantovka” “şərəfsiz” sözlərindən öldürəcəkdilər. İndi isə şərəflə 15 il “yatacaqlar”.
Bakıda yaşadığım müddətdə Yasamalda kirayə qalmışam və məhəllə anlayışıyla da elə burda tanış olmuşam. Sizə yəgin ki bunun nə olduğunu anlatmama ehtiyyac yoxdu. Bu səbədən bir çox davalar, bir çox qətllər də olub.
Məhəllədə yaşayan qızların “dalınca” oğlan gələn kimi və hətta məhəllələrində yol ötüb gedən cütlükləri görən kimi bu məhlənin oğlanlarının “ana-bacı” siqnalı işə düşür. Və həmin oğlanı kənara çəkib “söhbət” edirlər. Adətən məhlədəki bu uşaq-muşağı idarə edən, “tırka” verən bir yetişkin mütləq olur.
Həmişə yad oğlan məhəllə uşaqları tərəfindən təkliyə çəkilir və “ana-bacı” arqumentləri altında əzilir. Niyə? Çünki bizim adət-ənənələrimiz var, mentalitetimiz var. Başqa məhəllədəkilər bilsə nə deyər? Deməzmi, "bu məhəllədə kişi yoxdumu?"
Xaqani Səfəroğlu da metroda, onun sözlərinə görə, öpüşən gəncləri görəndə “ana-bacı” reaksiyası verib. Çünki yanında övladları olub. Hiddətlənib ki, uşaqların gözü qarşısında utanmadan öpüşürlər, guya və şiddət nümayiş etdirdi. Qışqırıb, təpikləyib, ictimai nəqliyyat olan metronun qatarından gəncləri qovub. Nifrət və dözümsüzlük nümayiş etdirib.
Müsahibəsində də deyir ki, “Təəssüf etdim ki, mənə qarşı təhqirlər də oldu. O təhqirləri ümumiyyətlə anlamıram. Kimə mane olurdu ki, məsələni sivil yolla müzakirə etməyə?”
İndi sualım sizədi Xəqani bəy, bəs sizə nə mane olurdu ki, sivil və mədəni yolla o qatardakı məsələni həll edəsiz? Siz axı jurnalistsiniz. Siz axı sözlə tənqid və tərbiyə edənsiniz. Beləmi çətin idi, sizə bunu etmək?
Bəs birdən qarşınızdaki gənc oğlan da sizin kimi “ana bacı” bekçisi olsaydı və o da izə şiddət göstərsəydi onda necə? Ya birdən o da bibisi oğluna zəng edib sizin üstünüzə yollasaydı?
Bəs birdən övladlarınız gələcəkdə problemlərini həll edərkən, narazılığını bildirərkən şiddət göstərsə? Olmaz deməyin, çünki qarşılarında sizin kimi nümunə görüblər. İctimai nəqliyyatda belə edirsizsə, evdə necə edirsiz?
Şiddət, nifrət bizi yaxşı yerə aparmır. Qarşımızda nümunə var. Vəfat etmiş Rasim Əliyev, onun qətlində günahkar bilinərək cəza çəkən 5 nəfər və ömrü boyu bir insanin ölümunə səbəb olması ilə tanınacaq Cavid Hüseynov.
Sadaladığım diğər hallarda da əgər dözümlülük nümayiş etdirilsəydi, məsələlər sülh yoluyla həll edilərdi. Amma biz hər zaman “qonum-qonşu nə deyər” təfəkkürü ilə düşünürük. Ona görə hərəkət edirik, təki bizə qorxaq, peysər, şərəfsiz, namussuz deməsinlər.
Adət-ənənə də budu. Dəyərlər sistemimiz dəyişib. Uşaqlara öyrədin ki, rüşvət almaq, yalan danışmaq, səlahiyyədlərindən sui-istifadə etmək, yetim payı yemək, "çak-çuklu" iş axtarmaq da bizim adət-ənələrə ziddi. Yoxsa unuduruq bunu.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.