Bu gün, martın 9-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin həbs müddətinin artırılmasından verilən şikayətə baxıb.
F.Əmirlinin həbs müddəti ötən həftə 3 ay artırılmışdı. Onun müdafiəçiləri qərarı qanunsuz hesab edirdilər.
Apellyasiya şikayətində F.Əmirlinin məhkəməyə qədər həbsdə saxlanmasından ötrü gərəkli hüquqi əsasların olmadığını iddia edərək, qərarın ləğv edilməsini istəmişdilər.
F.Əmirlinin vəkili Fəxrəddin Mehdiyevin Azadlıq Radiosuna verdiyi məlumata görə, məhkəmə onların arqumentlərini yetərli hesab etməyib, qərarı qüvvədə saxlayıb.Müdafiə tərəfi iş üzrə hüquqi prosedurları davam etdirəcək.
[caption id="attachment_27560" align="alignnone" width="1050"]
Vəkil Fəxrəddin Mehtiyev[/caption]
Bakı Apellyasiya Məhkəməsində şikayətə baxış zamanı F.Əmirlinin cinayət işi ilə bağlı yeni xüsusatlar da məlum olub.
Vəkilin bildirdiyinə görə, F.Əmirlinin cinayət işi onunla eyni zamanda həbs olunmuş AXCP fəalı Fuad Əhmədlinin işindən ayrılıb.
F.Əmirli ötən il avqustun 20-da saxlanıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Onun barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib. Həbs müddəti bir neçə dəfə uzadılıb.
İstintaq orqanları F.Əmirlini ABŞ-da yaşayan türkiyəli din xadimi Fethullah Gülen-in nümayəndəsi kimi təqdim ediblər. Ancaq sonradan ona ancaq "Azadlıq" qəzetinin maliyyə mənbələri ilə bağlı suallar verildiyi bildirilir.
F.Əmirlinin həbsindən sonra “Azadlıq” qəzeti fəaliyyətini də dayandırıb.
Həmkarları hesab edir ki, həbsin səbəbi "Azadlıq" qəzetini susdurmaq və AXCP rəhbərliyinə təzyiq göstərməkdir.
Bir müddət öncədə F.Əmirlinin mədə ağrılarından əziyyət çəkdiyi, yediklərini qaytardığı bildirilirdi.
Türkiyənin hakimiyyət orqanları Fethullah Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. F. Gülen isə bu ittihamları yalanlayıb.