Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlər barəsində cinayət işi başlanıb

Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlər barəsində cinayət işi başlanıb
4 Mart 2017
Mətni dəyiş
Azərbaycan Baş Prokurorluğu Azərbaycanın erməni silahlı qüvvələrinin nəzarətində olan ərazilərində işləyən şirkətlərin rəhbərlərinə qarşı cinayəty işi qaldırıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Abzas.net"ə verilən məlumata görə, aparılmış araşdırmalarla İsveçrə, Bolqarıstan, Uruqvay, Argentina, Rumıniya və digər ölkələrin bir sıra şirkətlərinin, o cümlədən “Haik Watch and Jewelry Co”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd” və “Cosmote Romanian Mobile Telecommunications S.A” şirkətlərin rəhbərlərinin 1999-2017-ci illərdə Azərbaycanın dövlət sərhədini Ermənistan ərazisindən qanunsuz olaraq dəfələrlə keçmələrinə, işğal altındakı ərazilərdə olan digər şəxslərlə mütəşəkkil dəstə halında Xankəndi, Şuşa şəhərləri, Laçın, Kəlbəcər rayonları və digər yaşayış məntəqələrində müəssisələr yaradıb təbii sərvət və faydalı qazıntıların istismarı da daxil olmaqla apardıqları fəaliyyətləri ilə külli miqdarda ziyan vurmalarına və qanunsuz gəlir əldə etmələrinə, habelə işğalın möhkəmləndirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn hərəkətlər etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlar üzrə Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Mətbuat xidməti bildirir ki, Baş Prokurorluq işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etməklə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan, habelə ölkənin ərazi bütövlüyünü şübhə altına alan şəxslərə qarşı zəruri tədbirləri bundan sonra da davam etdirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun