Azərbaycan EİTİ-nin tərkibində qalması müzakirə ediləcək

Azərbaycan EİTİ-nin tərkibində qalması müzakirə ediləcək
8 Mart 2017
Mətni dəyiş
Çərşənbə günü Kolumbiyanın paytaxtı Baqotada başlayacaq EITI-ın (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) kollegiya iclasında Azərbaycanın öhdəlikləri müzakirə ediləcək.
İclas martın 8 və 9-u keçiriləcək və Azərbaycanla bağlı müzakirələrin hansı gün ediləcəyi hələlik bilinmir.
EITI-ın Siyasət və Region üzrə Direktoru Dyveke Roganın sözlərinə görə, indidən müzakirələrin necə nəticələnəcəyini demək "çətindir".
Xanım Rogan onu da qeyd edib ki, Azərbaycandan o təşkilata son həftə ərzində çox məktub göndərilib və "məktublar kollegiya ilə bölüşülüb".
EITI dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan və Britaniyada yaradılmış qurumdur. Azərbaycan ona qoşulmuş ilk ölkələrdən biridir və bu qurumda fəaliyyətilə bağlı BMT mükafatına layiq görülüb.
Lakin vətəndaş cəmiyyətinə basqılar barədə məlumatlardan sonra onun qurumda üzvlüyünün səviyyəsi aşağı salınıb.
Ötən il oktyabrın 26-da EITI Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etmək üçün 6 ay vaxt vermişdi.
Dyveke Rogan bundan əvvəl deyib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşmasa, EITI Azərbaycanın təşəbbüsdəki statusunu dayandıra bilər.
Bundan əvvəl EITI 14 illik üzvü olan Azərbaycanın statusunu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.
Qurumun standartlarını yerinə yetirmək üçün hər ölkə EITI Standartında göstərilən şəffaflıq tələblərini həyata keçirdiyini göstərən müstəqil qiymətləndirmədən keçməlidir. Bu, "EITI Attestasiyası" adlanır.
Azərbaycan bu attestasiyadan keçməli olan ilk ölkədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun