29 Mart 2017
Mətni dəyiş
Martın 28-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı şikayətinə baxıb. Bunu Turan-a AXCP-ni təmsil edən hüquqşünas Səməd Rəhimli bildirib.
S.Rəhimli AXCP-nin qurultayının keçirilməsinə dair faktların Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmamasını qanunsuz və əsassız adlandırıb: “Ədliyyə Nazirliyinin qərarı əslində AXCP-nin birləşmək və seçki hüquqlarının pozulmasına yönəlmiş bir addım olub. Partiya qurultayını mövcud qanunvericilikdə nəzərdə tutulmuş əsaslar uyğun olaraq təşkil edib və keçirib. Bununla belə, qurultayın nəticələri - sədrin və Ali Məclis üzvlərinin seçilməsi faktı nazirlik tərəfindən qeydiyyata alınmayıb”.
S.Rəhimli məhkəmədən xahiş edib ki, qurultayın nəticələrinin qeydə alınmasını Ədliyyə Nazirliyinin üzərinə vəzifə kimi qoyan qərar qəbul etsin, amma məhkəmə heyəti şikayəti təmin etməyib.
S.Rəhimli məhkəmədən sonra bu qərarı qanunsuz adlandırıb: “Qərarı aldıqdan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik, bu şikayət də təmin edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunacaq”.
2015-ci il sentyabrın 27-də AXCP-nin qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib.