Seymur Baycan
Gecələr AzTV-nin qülləsinə baxanda adama elə gəlir ki, böyük bir hərbi düşərgədəsən və AzTV də dayanmadan bu düşərgənin hər tərəfinə işıq salmaqla məşğuldur. Ki, ora-bura qaçıb eləyən olmasın. Hər şey nəzarət altında olsun. Heç kim heç harda gizlincə pis-pis işlərlə muşğul ola bilməsin.
AzTV fəlsəfəsi nə deməkdir? Etiraf edim ki, bir neçə mövzuda fikrimi ifadə etməkdə acizəm. Bu mövzulardan biri də AzTV mövzusudur. Hardan başlayasan, necə başlayasan? Fikrini ifadə etmək üçün hansı yazıçıları köməyə çağırasan, hansı əsərlərə istinad edəsən? Düstur yoxdu. Movzu qarşısında tamam əliyalınsan.
Bəzən işin ciddiyyətini başa düşməyən uşaq-muşaqlar gülməli sual verirlər: “Kimdi AzTV-yə baxan, niyə o kanalı bu qədər şişirdirsiniz?”
AzTV-nin gücü ondan ibarətdir ki, ona sözün birbaşa mənasında baxmağın və ya baxmamağın fərqi yoxdu. Ola bilsin, adam doğrudan da televizorun qarşısında oturub AzTV-yə baxmır, hətta özlüyündə guya AzTV adlı kanala nifrət və həqarət edir. Amma bu heç nəyi dəyişmir, onun həyata və hadisələrə baxışı AzTV-dən qaynaqlanır. AzTV azərbaycanlıların ən ali hisslərinin və arzularının ifadəçisidir. Bunun bir neçə dəfə şahidi olmuşuq. Bir neçə hadisəyə total münasibət göstərib ki, adamların özünü liberal, neoliberal, pasifist, militarist, ateist, sağçı və sairə adlandırması məsələnin zahiri tərəfidir, onlar müxtəlif səngərlərdə dayansalar da, əslində mahiyyətcə eyni adamlardır.
AzTV-nin “sehirli fleyta”sı çalınan kimi müxtəlif səngərlərdə dayanan adamların özlərindən asılı olmadan əlləri, ayaqları, çiyinləri tərpənməyə başlayır, onlar sığındıqları səngərdən çıxırlar, qol-boyun olub yallı oynamağa başlayırlar.
Bununla belə, necəsə olmuşdusa, ötən ilin aprel ayına qədər məndə belə bir fikir yaranmışdı ki, hardasa iki yüz adam AzTV-nin təsir dairəsindən çıxıb. Söhbət AzTV-nin təsir dairəsindən çıxmaqdan gedirsə, iki yüz rəqəmi balaca rəqəm deyil. Bəs necə olub aldanmışam? Bu illuziya necə yaranıb? Bu haqda çox düşündüm. Axırda belə nəticəyə gəldim ki, bu illuziyanın yaranmasının, aldanmağımın səbəbi elə AzTV özü imiş. Demə, AzTV öz gücünü tam göstərmirmiş. O daha nələrə qadirdir, nələr edə bilər, bizi qarşıda daha hansı sürprizlər gözləyir, bunu müəyyən etmək mümkünsüzdür.
Ötən ilin aprel ayında AzTV öz gücünü göstərdi. Hətta AzTV-nin təsir dairəsindən çıxdıqlarını güman etdiyim adamlar da “sehirli fleyta” çalınanda davam gətirə bilmədilər. “Qoruyucu libaslarını” soyunub camaata qarışaraq yallı oynamağa başladılar. Düzdür, onlar başqalarına nisbətən yallıya niyə qoşulduqlarını əsaslandırmaq üçün daha çox əziyyət və zəhmət çəkməli oldular. Müsahibələr, yazılar, münasibətlər, şərhlər “amma”larla zəngin idi. Mən müharibə istəmirəm, amma... Mən qan tökülməsini istəmirəm, amma... Mənim hakimiyyətə qarşı münasibətim hər kəsə aydındır, amma əgər söhbət vətəndən gedirsə... Amma, amma, amma...
Bu qədər əziyyət və zəhmət çəkməyə ehtiyac yox idi. Niyə deyirsən yerim yaşdı, deginən işəmişəm.
Bildiyiniz kimi qısa müddətdən sonra ara sakitləşdi. Həyat adi qaydasına düşdü. AzTV-nin “sehirli fleytası” qarşısında tab gətirə bilməyərək coşub yallı oynayanlara qoşulanlar isə ər yanında da üzüqara oldular, oynaş yanında da.
[caption id="attachment_29640" align="alignnone" width="1024"]
Karikatura: Gündüz Ağayev[/caption]
Əslində isə ötən ilin aprel ayında hakimiyyətə yarınmaq üçün çox gözəl və münbit bir imkan yaranmışdı və yaranmış bu gözəl imkandan maksimum istifadə eləmək lazım idi. Bu, elə gözəl bir imkan idi ki, burada kiminsə kimisə qınaması, hakimiyyətə yarınmaqda ittiham etməsi çətinləşmişdi. Zarafat deyil, söhbət artıq vətəndən və torpaqdan gedirdi.
Məsələ ondadır ki, hakimiyyət azərbaycanlılar üçün, Elmir Mirzoyevin təbirincə desəm, müqəddəsdir, sakraldır, mütləqdir. Azərbaycanlılar hakimiyyətlə heç olmasa uzaqdan təması kəskin daxili təlabatdan irəli gəlir. Əlbəttə yaxından təmas daha yaxşı olardı, amma yaxından təmas mümkünsüz olduqca, əlac qalır yalnız uzaqdan təmasa. Hakimiyyətə yarınmaq mütləq hakimiyyətdən nəsə ummaq üçün edilmir. Yox, söhbət daha ciddidir. Məhz elə bu ummaq və ummamaq məsələsi çox vaxt bizi çaşdırır və hadisələrə, adamların davranışlarına düzgün qiymət verə bilmirik. Məsələ ondadır ki, hakimiyyətlə uzaqdan uzağa da olsa, hansısa formada təmasa girməklə azərbaycanlılar müqəddəs bir ayini yerinə yetirirlər.
Nəyə görə bizim ölkədə yazıçını, şairi hökumət özü təyin etməlidir? Ona görə ki, hökumətin təyin etdiyi yazıçıyla, şairlə insanlar daha həvəslə təmasa girirlər. Bu heç də onların yaradıcılığına, baxışlarına olan maraqdan irəli gəlmir. Sadəcə hakimiyyətlə əlaqəli bir adamla təmasa girərkən onlar yuxarıda qeyd olunduğu kimi daxili tələbatlarını ödəyirlər.
Əgər səni hakimiyyət yazıçı təyin etməyibsə, müqəddəs və sakral qüvvələrin orden və medalın sinəndə gəzdirmirsənsə, lap oturub şedevr yaratsan da, “Muncuq oyunu” səviyyəsində bir əsər yazsan da, camaatın vecinə olmayacaq.
Sənin müqəddəs qüvvələrlə əlaqən yoxdursa, heç kim üçün maraqlı deyilsən. Alim Qasımov haqqında söhbət gedəndə bir nüansı dəfələrlə müşahidə etmişəm. Adamlar onun haqqında danışanda mütləq bu cümləni işlədirlər: "Kəmaləddinlə yaxşı əlaqəsi var". Söhbət aydın olsun deyə, bu dərəcədə xırdalığa varmağa məcburuq.
Hadisələrin mahiyyətindən xəbərsiz adamlar zaman-zaman belə bir suala cavab tapmaqda çətinlik çəkirlər: Filankəs niyə filankəsə yaltaqlanır, axı bu yaltaqlıq ona nə verir. Onun yaltaqlanmağa nə ehtiyacı var?
Bir daha təkrar edək, söhbət yaltaqlığın, yarınmağın nəsə verib-verməməsindən getmir. Hər hansı hakimiyyət nümayəndəsinə yarınmaq ayin yerinə yetirməkdir. Müxalifət lideri hakimiyyətin təyin etdiyi yazıçıya yarınanda, müxtəlif bəhanələrlə onu qoruyanda ayin yerinə yetirir.
O ki qaldı AzTV-yə... AzTV hakimiyyətin baş məbədidir. İnsanlar AzTV-nin yaydığı dalğalarla aydınlanaraq həqiqəti dərk edirlər. Ona görə, AzTV-nin fleytası bu dərəcədə qüdrətlidir.
Ötən ilin aprel ayında, Hitlerin cazibəsi qarşısında davam gətirən, iqtisadi yüksəlişə, gözqamaşdıran qələbələrə aldanmayan insanlar haqqında düşünürdüm. Burda bir təpə alınmışdı-alınmamışdı bilinmirdi, hətta düşüncə baxımından sağlam hesab etdiyimiz adamlar belə Lələtəpə imtahanından kəsildi. İndi görün insan düşüncədə nə qədər sağlam olmalıdır ki, Hitlerin cazibəsinin, iqtisadi yüksəlişin, gözqamaşdıran qələbələrin qarşısında duruş gətirə bilsin, aldanmasın, ruhi müvazinətini itirməsin.
Necə oldu, gözqamaşdırıcı qələbələr onları aldatmadı, necə oldu, onlar mənsub olduqları xalqın, alman xalqının iri addımlarla uçuruma, fəlakətə doğru getdiyini gördülər? Çünki onlar tarixi epizodik deyil, bütöv görürdülər. Ali dəyərlərə sarsılmaz inam bəsləyirdilər, üstlərində gəzdirdikləri adın həqiqi mahiyyətini və məsuliyyətini dərk edirdilər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.