ABŞ Helsinki Komissiyası: "Azərbaycan bütün siyasi məhbusları azad etməlidir"

ABŞ Helsinki Komissiyası: "Azərbaycan bütün siyasi məhbusları azad etməlidir"
21 Mart 2017
Mətni dəyiş
Novruz bayramı münasibətilə ABŞ Helsinki Komissiyası Azərbaycan hökumətini həbsdə qalan bütün siyasi məhbusları dərhal azad etməyə və ATƏT qarşısında insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. 
Bu barədə Helsinki Komissiyasının xüsusi bəyanatında deyilir.
"Prezident Əliyevin Novruz ərəfəsində əvf etdiyi yüzlərlə məhbus arasında çox az sayda siyasi məhbus olması faktı məyusluq doğurur", deyə komissiya sədri senator Rocer Uiker bildirib.
"ATƏT iştirakçısı olan dövlətlər fikri ifadə azadlığına, o cümlədən, dövlət orqanları tərəfindən müdaxilə olmadan informasiya və fikir mübadiləsi azadlığına hörmət etmək öhdəliyi götürürlər. Azərbaycan hökuməti bu öhdəliyi dəstəkləməli, öz hüquqlarını dinc yolla yerinə yetirdiklərini görə hazırda müxalifət nümayəndələrini, vətəndaş cəmiyyəti fəallarını, jurnalistləri və dini liderləri azad etməlidir. Bu, prezidentliyə keçmiş namizəd, siyasi motivli ittihamlarla bu yaxınlarda həbsinin beşinci ili başlayan İlqar Məmmədovla bağlı xüsusilə ədalətli olardı", deyə senator əlavə edib.
Komissiyanın həmsədri Kris Smit prezident Əliyevi ölkəsində insan hüquqları və demokratiyaya hörmət etməyə və bütün vicdan məhbuslarını dərhal azad etməyə çağırıb.
2016-cı ildə Azərbaycan hökuməti Novruzdan əvvəlki günlərdə 148 məhbusu, o cümlədən aparıcı hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmış ondan çox şəxsi əfv edib. Bu il hökumət 400-dən çox məhbusu əfv edib, amma cəmi 4 siyasi məhbus azad edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun