10 Mart 2017
Mətni dəyiş
Milli Məclis tərəfindən təsdiqlənən informasiya haqqında qanuna yeni əlavədə deyilir ki, internet informasiya ehtiyatı yayılması qadağan edilən məlumatın yerləşdirilməsinə yol verməməlidir.
Əlavə edilən yeni maddədə o da qeyd olunur ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın yığışdırılmasını təmin edir.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əsasən dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır", - sənəddə deyilir.
Qadağan olunmuş məlumatlar arasında qanun layihəsi bir neçə məsələni sadalayır.
Bunlar arasında terrorçuluğun təbliği və maliyyələşdirilməsi, zorakılığın, dini ekstremizmin milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınması və təşkil edilməsinə yönələn açıq çağırışlar qeyd olunur.
Qanun layihəsində həmçinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, yönələn hərəkətləri barədə bəhs edir.
Sənəd qeyri-qanuni yayılan informasiyalara həmçinin təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatları aid edir.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun informasiya azadlığının həyata keçirilməsi üçün qaydalar müəyyənləşdirir və vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində hüquqi şəxslərin vəzifə və funksiyalarını tənzimləyir.