Vitse-prezidentin səlahiyyətlərinə nələr daxildir?

Vitse-prezidentin səlahiyyətlərinə nələr daxildir?
21 Fevral 2017
Mətni dəyiş
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
Abzas.net xəbər verir ki, 2016-cı il 26 sentyabrda Konstitusiyaya referendum yolu ilə edilən dəyişikliyə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini tamamilə itirdikdə, Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.
Prezident vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir. Bu halda, yeni Prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir.
Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.
Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.
Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula, cinayət məsuliyyətinə cəlb edilə, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz.
Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun