5 Fevral 2017
Mətni dəyiş
Natiq Cəfərli
Dünyada hansı ölkələrdə ki, siyasi təşkilatlar, cəmiyyətdə "vicdanın səsi" olan şəxsiyyətlər uzlaşa, anlaşa bilirlərsə, o ölkələrdə hüzur olur, cəmiyyətin müxtəlif kəsmlərinin hakimiyyət qollarında təmsilçiliyi yaranır. Belə bir ölkə və cəmiyyət quruculuğunun ən optimal modeli - parlament respublikasıdır.
Bu günə qədər dünyada prezident üsul-idarəsinin tək uğurlu modeli ABŞ idi, sistemdaxili əksgüclərin tənzimləməsi doğru, ABŞ-ın coğrafi, tarixi özəlliyindən, yerli özünüidarəçiliyin səlahiyyətlərinin geniş, ən əsası, müstəqil və ədalətli məhkəmə hakimiyyəti olduğundan ABŞ-da prezidentlik uğurlu oldu. Başqa heç bir ölkədə bu model effekt vermədi. Amma hətta ABŞ-da belə son seçkilər cəmiyyəti iki yerə böldü, çünki yeni seçilmiş prezident ilk dəfədir ki, 310 milyonluq amerika xalqının deyil də, sırf onu dəstəkləyənlərin prezidenti olmağa çalışır, bölücü və incidici dili ilə cəmiyyəti ortadan bölməyə nail oldu. Bu ABŞ tarixində bir ilkdir, elitalar arasında bölünmüşlük həmişə olub, ilk dəfədir ki, cəmiyyət iki fərqli cəbhəyə bölünüb.
Türkiyədə isə başqa proses gedir, parlamentarizmdən imtina edilir, prezidentliyə keçid cəhdi var. Buna ölkə nə coğrafi, nə tarixi, nə də sosial olaraq hazır deyil. Ana Yasa dəyişdirilir, bu uzlaşma sənədi olmaqdan çıxır, tutalım, referendumda 52% yeni üsula "hə"dedi, 48% "yox", belə tən bölünmüş cəmiyyətdə heç bir uğura imza atmaq mümkün olmayacaq. "Ana Yasanı xalq səsvermədə qəbul etməlidir", fikri populizmdir, hamı bilir ki, səsverməyə gələnlərin 90%-i o mətni heç oxumur da, ancaq dəstəklədiyi siyasi partiyanın tavrına görə səs verir. Ona görə də, Ana Yasa əsas siyasi partiyaların və ideoloji cərəyanların uzlaşdığı bir mətn olmalıdır.
Azərbaycanda əsas hədəf kimi parlament respublikasına keçid olmalıdır, bütün problemlərin həlli yolu məhz bundan keçir. Parlamentdə bütün əsas siyasi cərəyanlar və ideologiyalar təmsil olunmalı, uzlaşma mədəniyyəti formalaşmalıdır. Prezident bütün siyasi qüvvələrin hörmətlə yanaşdığı instituta çevrilməli, cəmiyyətdə barışdırıcı funksiya daşımalıdır. Cəmiyyətin əsas kəsmlərinin hakimiyyətdə təmsilçilik problemi illərlə davam edəndə, bu mütləq xaosa aparır. Biz isə xaos istəmirik, bundan qaçmağın tək yolu - Parlament Respublikasıdır. Əks halda fəlakət ola bilər, hətta indiki iqtidarla uzlaşma biləcəyimiz ortaq mövzular, eyni hədəflərimiz var: Dünyəvi dövlət, Qarabağın azad edilməsi, Ətraf ölkələrlə yaxşı münasibət, Qərblə enerji əməkdaşlığının genişləndirilməsi.
Doğrudur, uzlaşmadığımız mövzular daha çoxdur, amma uzlaşma mədəniyyətini formalaşdırmasaq bundan ölkə, xalq, dövlət ciddi ziyan çəkəcək.
Düşünün xanımlar və cənablar, düşünün, vaxt çox azdı...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.