16 Fevral 2017
Mətni dəyiş
Urmiyə millət vəkili Hadi Bahadırinin fevralın 15-də İran parlamentindəki nitqində səsləndirdiyi tələblər xəbər agentliklərinin gündəmində yer alıb.
İSNA-nın bildirdiyinə görə, Azərbaycan geyimində çıxış edən Bahadıri “Pəhləvi dönəminin irqçi və ayrı-seçkilik siyasətlərinə İslam İnqilabı vasitəsilə son verildiyini” ifadə edərək, Həsən Ruhani hökümətindən türk dilində təhsil haqqının təmin edilməsi, habelə türkcə bir televiziya kanalının təsisini tələb edib.
Bahadıri deyib ki, “hicabı yasaqlamaq, ana dilində təhsilə icazə verməmək və xüsusilə Azərbaycanda yer adlarının geniş şəkildə dəyişdirmək Pəhləvi dönəminin mədəni siyasətlərindən olub.”
“İslam İnqilabının əsl xəttinin davamı və rəhbərin dediklərinə əsasən Azərbaycan İranın başıdır və belə də qalacaq. Biz Azərbaycan əhalisi tarix, kimlik və kültürümüzü aşağılayanların cəzalandırılmasını istəyirik... ,” deyə urmiyəli siyasətçi dilə gətirib.
Bahadıri həmçinin İran prezidenti Həsən Ruhaniyə müraciət edərək deyib: “Biz konstitusiyanın 15 və 19-cu maddələrinin tam icrasını və türkcənin Azərbaycan məktəblərində tədrisini tələb edirik. Hörmətli prezidentdən vətəndaşlıq haqlarının bu hissəsinin təmin edilməsi üçün zəmin hazırlamasını istəyirik. İran televiziya qurumundan ilk türkcə telekanalın təsisi yönündə fəaliyyətə başlamasını tələb edirik.”