8 Fevral 2017
Mətni dəyiş
"The Telegraph" yazır ki, Twitter bundan əvvəl hesabları qaydaları pozduqlarına, məsələn, troll fəaliyyətlərinə görə bağlanmış istitifadəçilərin təkrar yeni hesab açmalarını bloklayacaq.
Şirkət xüsusi proqramla əvvəllər hesabı bağlanmış istifadəçiləri müəyyən edəcək və bunun ardınca onların bu sosial mediaya girişləri ömürlük bağlanacaq.
"The Telegraph" yazır ki, Twitter bu qərarı anonim hesablardan çox sayda insanların, xüsusilə də məşhurların təhqir edilməsi və qısnanması hallarının artması ilə əlaqədar qəbul edib.
Xəbər verilir ki, Twitter vaxtilə qadağan olunmuş istifadəçiləri müəyyən siqnalları monitorinq etməklə müəyyənləşdirəcək. Bu siqnallara, telefon nömrələri, internet ünvanları və sair daxildir.
Şirkət sosial mediadan sui-istifadə hallarının qarşısını almaq üçün həm alqoritmlərdən, həm də insan redaktorlardan istifadə etməyi planlaşdırır. Ümid edilir ki, yeni sistem qayda pozanları və trolları onlar sosial mediaya daxil olduqları an aşkarlayacaq.
"Twitteri təhlükəsiz məkan etmək bizim prioritetimizdir", şirkətin başçısı Ed Ho deyib, "Biz ifadə azadlığının tərəfdarıyıq və insanların hər hansı bir məsələni bütün tərəflərdən görməsini istəyirik. Bu azad səslər sui-istifadə və qısnama ilə boğulduqda bizim başlıca prinsipimiz də pozulmuş olur. Biz bu hala dözə bilmərik və bunun qarşısını almaq üçün yeni sistemə keçirik".
Twitter bildirib ki, yeni sistem adamlardan əsl adlarını və ya fotoşəkillərini tələb etməyəcək.
"The Telegraph" yazır ki, Twitter moderatorları indiyədək şikayət olunan hesabları bağlasalar da, onların yeni hesablar açmasına mane ola bilmirdilər.
Ötən il şirkət Ghostbusters aktrisası Leslie Jones-u gözüm-çıxdıya saldığına görə ziddiyyətli jurnalist Milo Yiannopulosa qadağan qoyub.
Bundan başqa Twitter bildirib ki, ədəbsiz tvitləri susduran "salamat axtarış" sistemini tətbiq edəcək.
"The Telegraph" yazır ki, bu Twitterin son üç ayda kiberqısnamaya qarşı ikinci kampaniyasıdır.