"Son həbslər toplumu qorxu altında saxlamaq məqsədi güdür"
23 Fevral 2017
Mətni dəyiş
Son günlər ictimai fəalların ard-arda həbsləri baş verir. Hamısı da polisə müqavimət ittihamı ilə. Adətən ölkədə və ya beynəlxalq aləmdə ölkə ilə bağlı mühüm hadisə baş verməmişdən öncə hakimiyyət göz qorxutmaq üçün belə həbslər aparır. Bu dəfə səbəb nədir?
Hüquq müdafiəçisi İntiqam Əliyev deyir ki, həbslər avtoritar ölkələrdə korrupsiya, monopoliya kimi idarəçilik üsuludur, sistemi qoruyub saxlamaq vasitələrindən biridir.
Onun sözlərinə görə, nə qədər ki, hakimiyyət avtoritardır, həbslər olub və olacaq. Hüquq müdafiəçisinin fikrincə, həbslər iki cür olur: Hakimiyyətin özü üçün ciddi saydığı təhlükələrlə bağlı həbslər – bunlar bir qayda kütləviliyi ilə seçilir və ağır işgəncələrlə müşayiət olunan cinayət təqibləri formasında bürüzə verir: QHT liderlərinin, jurnalistlərin, ayrı-ayrı müxalif siyasi partiyaların, dindarların, hakimiyyətin öz içində ona təhlükə yaradan qrupların haylı-küylü cinayət işləri kimi. Və bir də var profilaktik xarakterli həbslər və ya digər formada təzyiqlər.
İntiqam Əliyev düşünür ki, son həbslər və repressiyalar daha çox profilaktik xarakterlidir. Onun fikrincə, qarşıdan yaz gəlir, şaxtalı qışdan birtəhər salamat çıxmış toplumun canına isti dəydikcə yenidən canlanacağı ehtimalı var. Hüquq müdafiəçisi həm də onu bildirir ki, ölkədə iqtisadi durum ağırlaşmaqda davam edir, etirazlar təhlükəsi həmişə qalır.
Onun fikrincə, hakimiyyətin həm iqtisadi maraqları, həm beynəlxalq reabilitasiyası və reklamı üçün önəmli saydığı bir sıra beynəlxalq tədbirlər gözlənilir. İntiqam Əliyevin sözlərinə görə, hakimiyyət dünyaya çatdırmaq istəyir ki, Azərbaycan xalqı ilə hakimiyyət monolitdir, bu tədbirlərə sevinir, birinci ledinin ölkənin birinci-vitse prezident olmasından çox xoşbəxtdir.
Hüquq müdafiəçisi qeyd edir ki, ötən illərin təcrübəsi belə tədbirlər ərəfəsində ölkəyə maraq, beynəlxalq diqqət artır, bu isə son illərdə hakimiyyətin qanını əməlli-başlı qaraldan kampaniyalar, xarici mediada çoxsaylı tənqidi yazılar və hakimiyyət üçün xoşagəlməz digər aksiyalarla müşayiət olunur.
İntiqam Əliyevin fikrincə, hakimiyyət anlayır ki, ölkənin ciddi iqtisadi və sosial problemlərlə üz-üzə qaldığı dövrdə bu cür tədbirlər insanlarda daha çox qıcıq doğurur və bütün bu amillər üst-üstə dairəsi getdikdə genişlənən narazı elektoratda katalizatora çevrilə bilər.
“Ona görə, ölkədə olanlardan kimlərisə tuturlar, kimlərisə döyürlər, xaricdə olanların qohum-əqrəbasını polisə çağırıb təhdid edirlər və s. və i.” – hüquq müdafiəçisi qeyd edir.
Həmçinin bildirir ki, son həbslər də qorxudan qaynaqlanır və daha çox da toplumu qorxu altında saxlamaq məqsədi güdür.
Onun sözlərinə görə, hakimiyyət bilsə ki, heç kimi tutmasa, döyməsə, oğurlamasa xalq dinc oturacaq, bunları etməz. İntiqam Əliyev deyir ki, hakimiyyət buna arxayın deyil, öz xalqını yaxşı tanıyır, ona görə ehtiyatı əldən vermir.
Siyasi şərhçi Zərdüşt Əlizadə bildirir ki, ölkədə atılan addımlar insanların vecinə deyil. Onun sözlərinə görə insanlar hər şeydən xəbərdar olsa da, anlayır ki, etiraz etməyə gücü və irəlidə gedən qüvvəsi yoxdur. Zərdüşt Əlizadə deyir ki, hakimiyyət isə hər ehtimala qarşı öz tədbirini görür. Siyasi şərhçi qeyd edir ki, xalq öz-özünə etiraza qalxmayacaq, onu etiraza qaldıracaq qüvvə isə yoxdur.
Son həbslərə gəldikdə isə Zərdüşt Əlizadə bildirir ki, öz ənənəsi üzrə gənc fəalları həbs edir ki, toplum qorxduğu vəziyyətdə qalsın. Siyasi şərhçinin fikrincə son həbslərin Mehriban Əliyevanın vitse prezident təyin olunması ilə əlaqəsi yoxdur. Zərdüşt Əlizadə fikrini onunla əsaslandırır ki, hakimiyyət yaxşı bilir ki, belə addımlar insanların vecinə deyil.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa son həbslərin təfərrüatı ilə bağlı məlumatsız olduğunu bildirir. Deputat qeyd edir ki, hazırda gərginlik, mitinq dövrü olmadığı üçün kiminsə həbs olunması ona təəccüblü gəlir.
Fazil Mustafa deyir ki, həmin həbslərin motivi ciddi araşdırılmalıdır. Onun sözlərinə görə, mitinq öncəsi, hansısa hadisə öncəsi olsaydı bu həbslərin siyasi olması inandırıcı olardı. Deputat qeyd edir ki, amma indiki məqamda elə bir canlanma olmadığından siyasi həbslərin olmasını deyə bilməz.
Onun sözlərinə görə, hakimiyyət bilsə ki, heç kimi tutmasa, döyməsə, oğurlamasa xalq dinc oturacaq, bunları etməz. İntiqam Əliyev deyir ki, hakimiyyət buna arxayın deyil, öz xalqını yaxşı tanıyır, ona görə ehtiyatı əldən vermir.