SOCAR Monteneqrodakı investisiya şirkətindən çıxıb

SOCAR Monteneqrodakı investisiya şirkətindən çıxıb
10 Fevral 2017
Mətni dəyiş
İki il öncə Monteneqrodakı lüks otel kompleksi tikintisi layihəsindən çıxan SOCAR investisiya şirkətində iştirakını saxlamışdı. SOCAR-ın Niderlandda qurduğu "Saiph Holding BV" şirkəti yenə "Azmont Investments"dəki səhm payının 0,01 faizinə nəzarət edirdi.
"0,01 faiz neçəyə satılıb" sualı cavabsız qalır
İndi isə məlum olur ki, SOCAR yanvar ayında bu cüzi payı da "Azerbaijan Global İnvestments" MMC-yə satıb və layihəni tam tərk edib.
"Azadlıq Radiosu"-nun xəbərinə görə, SOCAR nə əvvəlki, nə də son səhm satışından qazandığı vəsait haqqında məlumat verib. "Azerbaijan Global İnvestments" (AGI) MMC-nin Bakı ofisi isə telefon zənglərinə cavabsız saxlayır.
Payçılar yox, sərmayə də dəyişir
Hazırda AGI Hersoq-Novidəki (Monteneqro) "Portonovi" turizm kompleksinin tək sahibidir. Şirkət "Azmont Investments"in nizamnamə kapitalını daha 46 milyon 967,4 min avro artıraraq, 151 milyon 967,4 min avroya çatdırıb.
İlk mərhələsi bu il tamamlanacaq "Portonovi" layihəsinin özü də son bir ildə 2 dəfədən çox bahalaşıb. İndi sərmayəçi onun, razılaşmada deyildiyi kimi, 258 milyon avroya yox, 650 milyon avroya başa gələcəyini deyir.
Üç holdinqin birgə layihəsi
"Azmont Investments" şirkətinin Direktorlar Şurasında da dəyişiklik olub. Şuraya Nəriman Sərdarlı gəlib. O, "Paşa Development" MMC-nin ("Paşa Holding" MMC-nin törəmə şirkəti) direktorudur.
"Azerbaijan Global İnvestments" MMC 2013-cü ildə yaradılıb. "Portonovi" açıqlanan nizamnamə kapitalı 100 min manat olan bu şirkətin ictimaiyyətə bəlli yeganə layihəsidir. Şirkətdə pay bölgüsü belədir: "Paşa Development" MMC - 35 faiz, "AtaHolding" MMC - 33 faiz və "Synergy Group" MMC – 32 faiz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun