Dünya siyasəti yeni mərhələyə daxil olur və ziyalılar dərhal bununla bağlı gələcəyə dair bir sıra mənfi fikirlər irəli sürürlər: tarixin sonu, millət-dövlətlər arası ənənəvi rəqabətin geri qayıtması, milliyətçilik, qloballaşma kimi fərqli tendensiyaların təsiri altında dövlətlərin düşüşü və. s. Bu nümunələrdən hər biri inkişaf etməkdə olan reallığın müxtəlif aspektlərini özündə əks etdirir. Ancaq burada ən əhəmiyyətli problemin ən bariz aspekti itirilir.
Mən belə güman edirəm ki, inkişaf etməkdə olan dünyada konfliktlərin əsas mənbəyi idelogiyalar və iqtisadiyyat olmayacaq. Bəşəriyyəti ayıran və konfliktin (münaqişənin) üstünlük təşkil edən mənbələrinin vacib sərhədləri mədəniyyətlə müəyyən ediləcəkdir. Dövlətlər beynəlxalq məsələlərdə əsas hərəkətverici qüvvə olaraq qalacaqlar, ancaq qlobal siyasətin daha əsaslı konfliktləri müxtəlif sivilizasiyalara aid millətlər və qruplar ətrafında dönəcək. Sivilizasiyaların toqquşması dünya siyasətinin hakim (dominant) amili olacaq. Sivilizasiyalar arasında çat xətləri – elə məhz gələcək cəbhələrin xətləridir.
Sivilizasiyalar arasında gedən münaqişə - müasir dünyada qlobal münaqişələrin təkamülünün son mərhələsidir. Müasir beynəlxalq sistemi tərtib edən Vestfaliya Sülhündən sonrakı yarım əsr ərzində qərb dünyasında münaqişələr əsasən hökmdar-krallar, imperatorlar, mütləq və konstitusiyalı monarxlar arasında gedirdi. Hansı ki, onlar öz bürokratik aparatlarını genişləndirmək, ordularını artırmaq, iqtisadi qüdrətlərini gücləndirmək və ən əsası - öz hakimiyyətləri altına yeni torpaqlar əlavə etmək istəyirdilər. Bu proses yeni bir dövlətin meydana gəlməsinə səbəb oldu və Böyük Fransız İnqilabından başlayaraq münaqişənin əsas xətləri millətlər arasında rəhbərlərdən daha çox irəliləməyə başladı. 1793-cü ildə R.R.Palmerin sözləri ilə desək, “kralların arasındakı müharibə bitdi, artıq xalqlar arasında müharibə başladı”.
Qeyd etdiyimiz bu model bütün XIX əsr boyunca qorunub saxlandı. Bu modelə birinci dünya müharibəsi son qoydu. Sonra rus inqilabı və ona olan reaksiya nəticəsində millətlərin münaqişəsi öz yerini ideologiyaların münaqişəsinə güzəştə getdi. Bu münaqişəsnin tərəfləri ilk əvvəllər kommunizm, nasizm və liberal demokratiya idi. Ancaq daha sonra bu tərəflər yalnız iksindən - kommunizm və liberal demokratiyadan ibarət oldu. Soyuq müharibə dövründə bu münaqişə iki supergüc dövlətin mübarizəsinə çevrildi, hansı ki, klassik Avropa düşüncəsinə görə bu dövlətlərdən heç biri milli-dövlət (bu tip fransız inqilabından sonra meydana gəlib, müəyyən coğrafi sərhəd daxilində həm millət, həm dövlət qavramını özündə birləşdirir) deyildi. Hər iki dövlətin öz kimliklərini tanıma prosesi ideoloji kateqoriyalarda formalaşırdı.
Dövlətlər, idarəçilər və ideologiyalar arasındakı konflikt başlıca olaraq qərb sivilizasiyasının münaqişəsi idi. U.Lind bunları “qərbin vətəndaş müharibəsi” adlandırırdı. Bu fikir həm soyuq müharibə, həm dünya müharibəsi həm də XVII, XVIII və XIX əsr müharibələri üçün də ədalətli idi. Soyuq müharibənin sonlanması ilə beynəlxalq siyasətin qərb mərhələsi də bitir. Mərkəzdə qərblə qərbdən olmayan sivilizasiyalar arasında qarşılıqlı əlaqələr genişlənir. Bu yeni mərhələdə qərbdən olmayan sivilizasiyaların xalqları və rəhbərlikləri obyektlərin tarixi kimi - Qərb müstəmləkə siyasətinin hədəfi - çıxış etmirlər. Qərb ilə yanaşı, onlar özləri hərəkət etməyə və tarix yazmağa başlayırlar.
Sivilizasiyaların təbiəti (mövzusu)
Soyuq müharibə dövründə dünya birinci, ikinci, üçüncü hissələrə bölünmüşdü. Amma sonradan bu bölünmə öz mənasını itirdi. Ancaq indiki dövrdə ölkələri qruplaşdırmaq daha uyğundur. Lakin indi ölkələri qruplaşdırarkən onların siyasi və iqtisadi sistemlərinə, iqtisadi inkişaflarının səviyyəsinə əsaslanılmır. Artıq bu bölgüdə onların mədəni və sivilizasiya olunmuş kriteriyalarına əsaslanılır.
Sivilizasiya dedikdə söhbət nədən gedir? Sivilizasiya özündə bir sıra mədəni kimliyi əks etdirir. Kəndlər, regionlar, etnik qruplar, millətlər, dini icmalar - bütün bunlar hamısı özlərinin müxtəlif mədəniyyət səviyyələrini əks etdirən xüsusi mədəniyyətə sahibdirlər. Cənubi İtaliyadakı hər hansı bir kənd Şimali İtaliyadakı belə bir kənddən öz mədəniyyətinə görə fərqlənə bilər. Ancaq bu fərqlərlə yanaşı onlar italyan kəndi olmaqda qalırlar və bu kəndləri hansısa alman kəndi ilə qarışdırmarsan. Öz növbəsində bütün Avropa ölkələri onları Çin və ya ərəb ölkələrindən fərqləndirən ümumi xüsusiyyətlərə sahibdir.
Qərb dünyası, ərəb regionu və Çin ümumi geniş mədəni cəmiyyətin bir hissəsi deyillər. Onlar özlərində sivilizasiyanı əks etdirirlər. Biz sivilizasiyanı insanların mədəni kimliklərinin geniş səviyyəsi kimi mədəni cəmiyyətin ən yüksək dərəcəsi sifətində müəyyənləşdirə bilərik. Növbəti mərhələ insan irqini digər növ canlılardan ayıran səviyyədir. Sivilizasiya obyektiv qaydada dil, tarix, din, adətlər, institutlar kimi ümumi xüsusiyyətlərin mövcudluğu və həmçinin insanların subyektiv kimlikləri ilə müəyyənləşir. Kimliyin fərqli səviyyələri mövcuddur: Roma sakini özünü romalı, italyan, katolik, xristian, avropalı, qərb dünyasının insanı kimi xarakterizə edə bilər. Sivilizasiya - ümumiliyin ən geniş yayılmış səviyyəsidir. İnsanların mədəni kimliyi dəyişə bilər və nəticədə bu və ya digər sivilizasiyanın sərhəd və tərkibi də dəyişir.
Sivilizasiya insanların böyük bir kütləsini əhatə edə bilər - məsələn, Çin haqqında L.Pay belə deyirdi: “Bu sivilizasiya ölkə adında fəaliyyət göstərir”.
Ancaq onun sayı olaraq çox az da ola bilər - Karib adalarının ingilis dilli əhalisinin sivilizasiyası kimi. Sivilizasiya özündə bir sıra milli-dövlətləri də birləşdirə bilər, qərb, latın Amerika və ərəb sivilizasiyaları kimi. Aydındır ki, sivilizasiyalar qarışa, bir-birinə əlavə oluna bilər. Qərb sivilizasiyası iki əsas variantda mövcuddur: avropa və şimali Amerika sivilizasiyası. İslam sivilizasiyası isə ərəb, türk və malay olmaqla bölünür. Bütün bunlara baxmayaraq sivilizasiya özündə müəyyən bütünlükləri əks etdirir. Onlar arasında sərhəd nadir hallarda dəqiq olur, amma onlar realdır. Sivilizasiyalar dinamikdir: onlarda yüksəliş və eniş olur, onlar parçalanır və birləşirlər. Hər bir tarix tələbəsinin bildiyi kimi sivilizasiyalar itirlər, zaman qumları onları sıxışdırır.
Qərbdə milli-dövlətlərin beynəlxalq arenada əsas fəaliyyət göstərən qüvvə olmağı artıq qəbul olunmuş tendensiyadır. Lakin onlar bu vəzifələrini bir neçə əsr yerinə yetirə bilirlər. Bəşəriyyət tarixinin böyük bir hissəsi - sivilizasiyalar tarixidir. A.Toynbinin təxminlərinə görə bəşəriyyət tarixi 21 sivilizasiya görmüşdür. Onlardan yalnız altısı müasir dünyamızda mövcuddur.