14 Fevral 2017
Mətni dəyiş
Bu gün Milli Məclisin iclasında Fransa prezidenti François Hollande-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışı kəskin tənqid olunub.
Son günlər erməni KİV-ləri Hollande-ın Fransadakı erməni diasporu üzvləri ilə görüşdə Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi əsasında həll olunmalı olduğunu bildirdiyi barədə məlumat yayıblar.
Contact.az-ın məlumatına görə, millət vəkili Azay Quliyev bildirib ki, bu bəyanat Ermənistanın işğalçı siyasətinə və separatçı rejimə verilən açıq dəstəkdir. O, Parisə etiraz notası göndərməyi tələb edib. “François Hollande-ın bu bəyanatının ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın daşıdığı mandata uyğun olmadığı bildirilməlidir”, deyə o qeyd edib.
Amma spiker Oqtay Əsədov bildirib ki, erməni KİV-ləri Hollande-ın fikrini təhrif ediblər. Onun sözlərinə görə, Parlamentin beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidov Fransa rəsmiləri ilə əlaqə saxlayıb və məlum olub ki, prezidentin sözləri erməni mətbuatında təhrif olunub.
Əsədovun sözlərinə görə, Hollande "Madrid prinsipləri"nə istinadən "öz müqəddəratını təyin etməyin yalnız ərazi bütövlüyü əsasında mümkün olduğunu" deyib.