9 Fevral 2017
Mətni dəyiş
Aynur Elgünəş
Hansımız etdiyimiz yaxşılığın qarşılığını görməyəndə inciməmişik? Yaxud hirslənəndə bunu dolayı şəkildə də olsa adamın başına vurmamışıq? Olub, o qədər də uzun olmayan ömrümüzdə xırda xeyirxahlığımızı böyük fədakarlığa bənzətdiyimiz çox olub. Sədaqətdən ağızdolusu danışmışıq, amma əməldə etmişikmi? 3-5 il sonra dəyişməmişikmi?
İlin-günün bu vaxtında – ölkədə hamı yanğından, intihardan, uçurumdan, korrupsiyadan yazdığı bir məqamda yaxşılıq, fədakarlıq kimi mücərrəd anlayışlardan yazmağım da səbəbsiz deyil. İllər öncə tanıdığım, ağlımın bir ucunda həmişə hörmətlə xatırladığım bir nənənin taleyidir məni buna vadar edən. Etdiyi ən böyük fədakarlığı yalnız ölüm ayağında açıqlayan nənə…
Yox, boyum, çəkim əksini söyləsə də, mən ürəyiyuxa, hər saat insan taleyindən təsirlənəcək adam deyiləm. Ümumiyyətlə, gecə-gündüz ağlayıb dərd anladanlara heç acımıram. Sultan nənənin də ağladığını, gileyləndiyini heç görmədim…
İllər öncə kirayədə yaşadığım bir məhəllədə Laçından məcburi köçkün düşmüş iki ahıl məskunlaşmışdı. Rayonun hansı kəndindən olduğunu unutmuşam. Onlarda ilk diqqətimi çəkən bir-birləri ilə sakit, mehriban davranışları idi. “Yaşlılar ancaq deyingən olur” qənaətində olan birinə bu davranış maraqlı gəlirdi.
“Sultan” adlı qadınla da ilk dəfə rastlaşırdım. Yaşı yetmişi haqlamışdı, amma cavan oğlan görəndə də yaylığının bir ucunu ağzına doğru çəkirdi. Həyası, həzin səsi rahatlıq verirdi adama. Mübaliğəsiz deyirəm, gəncliyindən, sevgisindən danışanda gözlərinin dərinliyindəki işığı görməmək mümkünsüz idi.
Oxucularım arasında qohumlarından kiminsə olduğunu düşünüb ömür-gün yoldaşının adını qəsdən yazmıram. Onsuz da bu hekayədə bunun o qədər də əhəmiyyəti yoxdu.
Sultan nənə deyirdi ki, həyat yoldaşını çox sevib. Ona görə də qardaşlarının etirazına baxmayaraq, qoşulub qaçıb. Əvəzində qardaşları sevgilisini elə döyüblər ki, aylarla xəstə yatıb. Amma yenə də vaz keçməyiblər bir-birlərindən.
Tale onları qovuşdursa da, övlad payını əsirgəyib. Gülə-gülə “etmədikləri türkəçarə qalmadı, Allah verməyəndə vermir”-deyirdi.
Tez-tez bacısı, nəvələri gələrdi onlara. Hətta bacısı nəvələrindən biri ilə dostlaşmışdıq da. Sultan nənədən fərqli idi bacısı. Cəld, səs-küylü qadındı.
Ondan eşitmişdik ki, qaynanası gün verməyib Sultana. Hətta övladı olmurmuş deyə oğlunu təkrar evləndirmək də istəyib: “Nələr eləmirdi, harda otururdu oğlunun bədbəxtliyindən danışırdı. Yeni ərə gedən olanda qoymazdı Sultan həmin adamın evinə getsin, deyirdi, olmaz, təzə gəlinin yanına sonsuzu buraxmazlar”… Danışırdı, sonra da özünəməxsus şəkildə “ərməğan” göndərirdi o dünyaya.
Sonralar mən də, Sultan nənəgil də köçdük o məhəllədən. Onlara hardasa ev verdilər. Bununla da əlaqəmiz kəsildi. Çox sonralar eşitdim ki, həyat yoldaşı dünyasını dəyişib, Sultan nənə də bacısının nəvəsi ilə birgə yaşayır.
Bir müddət öncə Sultan nənənin də dünyadan köç etdiyini duydum. Kədərləndim, sonra unutdum…
Amma bacısı nəvəsi ilə təsadüfi qarşılaşmamız və eşitdiyim xəbər bu qadını gözümdə yenidən ucaltdı. Öyrəndim ki, Sultan nənə 50 ildən artıq ürəyində saxladığı sirrini ölüm yatağında bacısına açıb. Taleyini söyən bacısına bircə kəlmə deyib: “Mən hələ qızam”…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.