Müsavat açıqlama yaydı: “Bu aksiya Əliyev hakimiyyətinin səviyyəsini göstərir”

Müsavat açıqlama yaydı: “Bu aksiya Əliyev hakimiyyətinin səviyyəsini göstərir”
3 Fevral 2017
Mətni dəyiş
"Aksiyanın polis müşaiyəti ilə keçirilməsi bu tədbirin siyasi hakimiyyət tərəfindən təşkil edildiyini bir daha təsdiq edir".
"Bastainfo"-nun məlumatına görə, Müsavat Partiyasının mətbuat departamenti partiyanın mərkəzi qərargahı qarşısında keçirilən aksiya ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir: 
Bu gün hakimiyyətin təşkil etdiyi bir qrup Müsavat Partiyasının mərkəzi qərargahı qarşısında aksiya keçirib. Aksiyanın polis müşaiyəti ilə keçirilməsi bu tədbirin siyasi hakimiyyət tərəfindən təşkil edildiyini bir daha təsdiq edir.
İştirakçıların Müsavat Partiyasının, onun başqanı Arif Hacılının və prezidentliyə namizədi İsa Qəmbərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi İlham Əliyev hakimiyyətinin siyasi səviyyəsini nümayiş etdirir.
BUNA DA BAX: Müsavatın qarşısında aksiya keçirilib – [Foto]
Müsavat Partiyası bildirir ki, uğursuz xarici və daxili siyasəti nəticəsində ölkəni dərin uçuruma gətirən iqtidar bu siyasətə etiraz edən müxalif düşüncəli insanlara və siyasi qurumlara qarşı dözümsüzlük nümayişini davam etdirir.
Müsavat Partiyası bu hadisəni ölkədəki ağır sosial-iqtisadi böhranın məngənəsində çabalayan mövcud rejimin xalq arasında günü-gündən artan narazı elektoratın Müsavat Partiyası ətrafında toplanmasına qarşı çarəsiz cəhdləri kimi qiymətləndirərək bəyan edir ki, hakimiyyətin heç bir təzyiq və təhdidləri bizi avtoritarizmə qarşı apardığımız ardıcıl və prinsipial mübarizəmizdən çəkindirə bilməz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun