"MTN işi": Polkovnikinin qardaşı məhkəmə dindirilib

"MTN işi": Polkovnikinin qardaşı məhkəmə dindirilib
13 Fevral 2017
Mətni dəyiş
MTN işində zərərçəkənlərdən biri olan Hüseyn Səfərov yeddi il əvvəl əlindən alındığını iddia etdiyi silahını geri istəyir.
İşadamı olan zərərçəkən deyir ki, MTN-də "Texnikabank" işilə bağlı araşdırmalar zamanı onun da bankda böyük məbləğdə əmanəti olduğunu öyrənib, həbs eləyiblər. Azadlığa buraxmaq üçün də 3 milyon pul istəyiblər. Bir neçə ay həbsdə qalandan sonra 2 milyonunu alıb, azadlığa buraxıblar. Hüseyn Səfərovun sözlərinə görə, həbsdə olarkən evində axtarış aparılıb və müstəntiqin "Vinçester" markalı tüfəngə "gözü düşüb". Müstəntiq də hazırda həbsdə olan MTN polkovniki, nazirliyin İstintaq İdarəsinin keçmiş şöbə rəisi Vüsal Ələkbərov olub.
MTN polkovnikinin qardaşı məhkəmə önündə...
Tüfəng məsələsinə görə, Vüsal Ələkbərovun qardaşı Əlvan Ələkbərov da istintaqa cəlb olunub. DİN-in Hava Nəqliyyatında Baş Polis İdarəsinin istintaq bölməsinin baş müstəntiqi Əlvan Ələkbərov fevralın 13-də qardaşının məhkəməsində dindirilib. Vüsal Ələkbərov onun böyük qardaşıdır.
Polis mayoru deyir ki, 2010-2011-ci illərdən birində yayda axşam saat 9-da qardaşı onu dəniz vağzalının yanında kafeyə çağırıb. Gedib görüb ki, qardaşı 2-3 nəfərlə ordadı. Ləhcələrindən başa düşüb ki, o adamlar naxçıvanlıdı.
Əlvan Ələkbərovun sözlərinə görə, elə həmin görüşdə olanlardan Hüseyn adlı biri qardaşına "Vinçester” silahı verib: “Qardaşım əvvəlcə silahı götürmək istəmədi, çox üz vurandan sonra götürdü. Biz kafedən qardaşımla birlikdə çıxdıq. Soruşdum ki, bu nə silahdı? Dedi ki, "üz vurdu, ona görə götürdüm, apar evdə saxla, özüm yoxlayacam, ov üçün yararlı olsa, istifadə edəcəm". Dedim ki, bu silah bir qəpiyə dəyməz. Vüsal bildirdi ki, yoldaşlardı, hörmət edirlər, onlara yaxşılıq eləmişəm, götürməsəm, yekəxanalıq kimi çıxacaq. Bundan sonra qardaşıma bir söz demədim, silahı götürüb, evə getdim. Həmin silahı evdə saxladım. Sonradan Vüsal gəlib apardı, neylədi, bilmirəm".
"Evimdə axtarışda müstəntiqin silahıma "gözü düşüb"
Zərərçəkən Hüseyn Səfərov polis mayorunun doğru danışmadığını, silahının hədə-qorxu ilə alındığını deyib: "Vüsal Ələkbərov axtarışda evimdə silahı görəndə xoşu gəlib və məndən tələb edib. Mən də silahı ona verdim ki, başımı sonra ağrıtmasın. Yəni mən onu hədiyyə eləməmişəm. Bu silahı da Vüsala 2010-cu ildə yox, 2009-cu ildə vermişəm. Həmin dövrdə MTN-də mənim işim üzrə istintaq aparılırdı”.
Əlvan Ələkbərov isə Hüseyn Səfərovun yalan danışdığını deyib: "Vüsal o görüşdə silahı götürməyəndə bu adam naxçıvanlı ləhcəsi ilə dedi ki, bunu qəbul etməsən, gərək bu boyda balaca şəhərdə üz-üzə gəlməyək”.
Zərərçəkmiş şahid polisin dediklərindən hiddətlənib: "Bu şahid özünü müstəntiq kimi aparır. Bizim ayağımızın bildiyini bunun başı bilmir, burada naxçıvanlıları təhqir edir. Məndə ‘Quran’ var, and içsin ki, yalan danışmır. Məndən silahı Vüsal hədə-qorxu yolu ilə alıb”.
Hüseyn Səfərov əlavə edib ki, MTN müstəntiqi silahı ondan alandan sonra öz adına keçirib.
Vüsal Ələkbərov özü də silah məsələsi haqda danışıb. Deyib ki, silahı Hüseyn Səfərovdan hədə-qorxu ilə almayıb: “Məni tanıyanlar bilir ki, ov həvəskarıyam. Hüseyn Səfərov da silahı mənə gətirdi, bildirdi ki, mənə hədiyyə edir. Qardaşım da yaxşı silah olmadığını demişdi. Özüm də sonradan yoxlayanda istifadəyə yararsız olduğu üçün dənizə atdım. Mən hərbi qulluqçu statusunda olmuşam, ona görə də odlu silah saxlamaq hüququm var. Həmin silah da ov silahı olub, burada hər hansı bir cinayət məsuliyyəti yoxdur”.
Məhkəmə noyabrın 16-da davam edəcək.
Xatırlatma
Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.
Vüsal Ələkbərovun təxminən 1 milyon 270 minlik əmlakının üzərinə həbs qoyulduğu bildirilir.
O, MTN-də bir sıra siyasinin, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun