17 Fevral 2017
Mətni dəyiş
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qondarma rejimin fevralın 20-də keçirməyi planlaşdırdığı "referendum"un nəticələrini tanımır.
Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərinin yekunu üzrə bəyanatında bildirilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Rusiya) və Riçard Hoqland (ABŞ) ötən gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla əvvəlcə ayrı-ayrı, sonra birlikdə görüşüblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Nazirlərlə Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində cari vəziyyəti müzakirə edən həmsədrlər bir daha təsdiq ediblər ki, münaqişəsinin dinc yolla həllinin alternativi yoxdur və müharibə variant deyil.
Həmsədrlər tərəfləri atəşkəs rejiminə riayət etməyə də çağırıblar.
Minsk qrupu qeyd edib ki, dünyada heç bir ölkə Dağlıq Qarabağı müstəqil dövlət qismində tanımır. Müvafiq olaraq, həmsədrlər fevralın 20-də keçirilməsi nəzərdə tutulan qondarma “referendum”un nəticələrini tanımır.
Həmsədrlər mart ayında regiona səfər etməyi planlaşdırırlar.