28 Fevral 2017
Mətni dəyiş
Demokratik Qüvvələrin Milli Şurası ölkədə repressiyaların artması ilə bağlı bəyanat yayıb.
Bəyanatda siyasi motivli son həbslərlə bağlı faktlar sadalanır və qeyd olunur ki, İlham Əliyev Azərbaycanı monarxiyaya doğru aparır, repressiyaları gücləndirməkdə davam edir.
Müxalifətçilərin, ictimai xadimlərin və onların ailə üzvlərinin həbsi daha intensiv xarakter alıb.
Təkcə fevral ayında 16 nəfər inzibati həbsə məruz qalıb, həbsdə olan iki nəfərə - AXCP Ali Məclisinin üzvü, kend.info saytının redaktoru Elçin İsmayıllı və Masallı məscidinin imamı, Milli Şuranın üzvü, maide.az saytının redaktoru Sərdar Hacıhəsənliyə qarşı cinayət ittihamı irəli sürülüb.
İnzibati həbsə məruz qalanlardan yeddisi AXCP, biri REAL Hərəkatının, biri D18 Hərəkatının, biri Müsavat Partiyasının, dördü Masallıdan din xadimləri, ikisi siyasi mühacir Orduxan Temirxanın qohumlarıdır.
Belə məlumat var ki, inzibati həbs edilən REAL üzvü Rahim Şalıyev Sumqayıt polisində işgəncələrə məruz qalıb. Bu barədı onun vəkili bildirib.
Eyni zamanda səhih məlumatlara görə, həbs edilənlərin sayı daha çoxdur, ancaq bu barədə məlumat verməkdən ehtiyat edirlər ki, onların ailə üzvlərinə toxunmasınlar.
Hakimiyyət fəallara təzyiq praktikasını genişləndirir, onların qohumlarını, əsasən qadınları təqib edir ki, bununla da şərəf-ləyaqət kodeksini pozur.
Milli Şura sözügedən faktları nəzərə alaraq bildirir ki, rejimin repressiyası qeyri-sivil forma alıb. MŞ hakimiyyəti dinc vətəndaşlara qarşı terrora son qoymağa çağırır.
MŞ ədalətsiz həbs olunanların dərhal azadlığa buraxılmasını, R.Şalıyevə, həmçinin O.Temirxanın qohumlarına işgəncə verilməsi faktlarının operativ araşdırılmasını və günahkar olanların cəzalandırılmasını tələb edir.
Milli Şura İlham Əliyevi bu cür praktikadan əl çəkməyə və terror kampaniyasına son qoymağa, müxalifətə sərbəst fəaliyyət göstərməyə imkan verməyə çağırır.
İlham Əliyev azad ifadənin və KİV-in qarantı olmalı, bütün siyasi məhbusları azad etməlidir. Ancaq bu yolla ölkəni gözləyən fəlakətin qarşısını almaq olar.
Repressiyalara son qoymaq və siyasi islahatlar aparmaq özünü diktatorları gözləyən təhlükəli aqibətdən sığortalamağa imkan verir.İlham Əliyev və onun komandası, nəhayət, bunu etiraf etməli və anlamalıdır, bəyanatda vurğulanır.
Öz növbəsində, rəsmi Bakı ölkədə insanların siyasi mənsubiyyətin, ifadə azadlığına görə həbs edilmədiyini bildirir. Hökumət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu və etdikləri əməllərə görə cəzalandırəldığını bəyan edir.
Bununla yanaşı, beynəlxalq təşkilatlar Azərbaycandakı həbslərlə bağlı çoxsaylı bəyanatlar yayıb. Yerli hüquq-müdafiəçiləri yüzdən çox insanı siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı isə ondan çox insanı “vicdan məhbusu” elan edib. Avropa İnsan Haqları Məhkəməsi də ifadə azadlığı, toplaşmaq azadlığı, mətbuat azadlığı ilə bağlı çoxsaylı şikayətləri təmin edib.