11 Fevral 2017
Mətni dəyiş
"Ölkənin tanınmış bloggeri Mehman Hüseynovun DİN Nəsimi rayon polis idarəsi tərəfindən məhkəməyə verilməsi rüsvayçı bir hadisədir".
Abzas.net xəbər verir ki, bu sözlər Milli Şuranın sədri Cəmil Həsənliyə məxsusdur. C.Həsənli, Daxili İşlər Nazirliyinin Mehman Hüseynovu məhkəməyə verməsi ilə ilə bağlı sosial şəbəkədə öz fikirlərini qeyd edib:
"Maraqlısı odur ki, Nəsimi rayon polis idarəsi Mehman Hüseynovu idarəyə böhtan atmaqda suçlayır. Bu məqsədlə Bakı şəhər Suraxanı rayonunda artıq məhkəmə baxışı da başlayıb. Polis 3-4 ildir Mehmanın şəxsiyyətini təsdiq edən sənədləri alıb sahibinə qaytarmır, yanvar ayında həbs edilmiş Mehman Hüseynova polis orqanlarında işgəncə verib, bunun məsuliyyətini daşıyan yoxdur. Amma bədənində xəsarət izlərin əyani şəkildə mətbuatda, sosial şəbəkələrdə nümayiş etdirmiş Mehman Hüseynov guya heç bir xəsarət almadığı halda bütün bunları nümayiş etdirməklə polisə böhtan atıb. Əlbəttə, bunlar hamısı bəhanədir".
Cəmil Həsənli bildirib ki, M.Hüseynovun korrupsiya hallarını üzə çıxarması hökümətin bütün planlarını pozub və indi bloggerin həbsinə çalışırlar, ancaq bu mümkün olmayacaq:
"Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakimiyyət korrupsiya faktları ilə bağlı Mehmanın nümayiş etdirdiyi çəkilişlərə dözə bilmədi. İndi bütün vasitələrlə onu cəmiyyətdən təcrid etmək, saxta ittihamlarla həbs etmək istəyirlər. Amma unudurlar ki, böhtanla, yalançı məhkəmələrlə onu qorxutmaq, çəkindirmək mümkün olmayacaq. Mehman elə bir “Sancaq”dır ki, korrupsiya lövhəsini bütün korrupsionerlərin yaxasından asacaq!".