9 Fevral 2017
Mətni dəyiş
Elnur Astanbəyli
Hər şey günlərin bir günü şən Bakımıza, hər yanı gülşən Bakımıza qar yağması ilə başladı.
Daha doğrusu, qarla bərabər, problem, dərd-azar yağması ilə.
Bir baxdıq, evdə qaz yoxdu, bir baxdıq, qaz gəlir, bu dəfə də su xətti donub.
Bir baxdıq, qaz zəif də olsa, yanmaqdadır, su borusunu da ölüm-zülüm açdıqdan sonra, bu dəfə də baxdıq, işıqlar sönüb.
Əvvəl fikirləşdik ki, müvəqqəti çətinlikdir, belə şeylər dünyanın hər yerində ola bilər, necə ki, korrupsiya dünyanın hər yerində var, həm də biz dözümlü xalqın nümayəndəsiyik və sair və ilaxır.
Beləcə, bir gün... iki gün... üç gün...
Nəhayət, dördüncü gün kir içində itib-batan bəndeyi-fəqirinizi qaşınma tutdu, çimmək qaçılmaz zərurətə çevrildi, amma gəl, gör ki, qazı, suyu və işığı bir-birinə dəng gətirmək heç cür mümkün olmurdu.
Bir də gördüm, evdə uşaqlar sevincdən qışqırışdılar: “Ata, işıq yandı, işıq yandı!”
Bəndeyi-fəqiriniz dərhal su motorunu işə salmağa tələsirdi ki, bu dəfə də qazın təzyiqinin aşağı olduğu aşkara çıxdı.
Elə ki, qazın təzyiqi düzəlirdi, onda da baxırdın ki, su borusu donub...
Su borusunu açanadək uşaqlardan xəbər gəlirdi ki, özümə havayı əziyyət verməyim, çünki indi də işıq sönüb...
Əsl “siçan-pişik oyunu” idi.
Nəhayət, qarın 5-ci günü bu gedişlə çimə bilməyəcəyimi anlayıb, başqa yollar axtarmağa başladım.
Əvvəl fikirləşdim, hamama gedim, amma yaşadığım qəsəbənin yeganə hamamı da elə bu qaz, su, işıq dərdindən bağlı idi.
Şəhərə getmək isə tamam xəyaldır: güclü qar ucbatından yollar bağlanıb!
Xeyli düşündükdən sonra axır ki, ağlıma bir fikir gəldi. Asan deyildi, amma özümü ölülüyə vurmaqdan başqa yol da yox idi. Əlac ancaq buna qalmışdı.
Niyə də yox? Axı harda görünüb, ölünü yuduzdurmadan basdırsınlar?
Öncə özümə kəfənlik çit aldım.
Evə gəlib, niyyətimi elan edəndə əvvəlcə qulaqlarına inanmadılar, fikrimin ciddi olduğunu görəndə isə bir az nəm-nüm eləyib, sonra razılaşdılar.
İnandırıcı olsun deyə, arvada bir-neçə babat ağı öyrətdim, bir də üz cırmağı, saç yolmağı, dizinə döyməyi. Uşaqlar isə dedim, çox dərd eləməsinlər, gözlərindən elə bir-iki damcı yaş çıxarsalar, bəsimdi.
Bundan sonra ayaqlarımı uzadıb, rahatca öldüm.
Qohum-qonşu tökülüşüb gəldilər, vay-şivən, ağlaşma-zad.
Arada-bərədə qulağıma belə sözlər gəlib çatırdı: “O qədər dedik, içmə... Bədbəxt oğlu, saman sənin döyül, samanlıq da sənin döyülmü?”
“Siqaret yıxdı evini... Yüz dəfə dedim, ay zalım, canına da ziyandı, cibinə də, nə tapıbsan o zəhrimarda. İndi də belə, arvad-uşağı qoydu başsız, getdi”.
“Uşaqlar böyüyəcək e... Yarıac, yarıtox böyüyəcək uşaqlar, amma hayıf öləndən...”
“Püüf... iy verib iylənir... deyəsən, rəhmətliyin çimməklə arası yoxuymuş, bu da axırı”.
Axır ki, məni palaza büküb, bir maşının arxasına qoydular, üzü məscidə doğru yola çıxdıq.
Mürdəşir (55-60 yaşlarında gülərüz bir kişi idi, hiss olunurdu ki, nəyə görəsə kefi yaman kökdür, hətta dodaq altından hansısa mahnının sözlərini mızıldanırdı) məni yuyat yerinə uzatdı.
Gözümü yavaşca açıb baxdım ki, su şlanqını mənə doğru çəkib gətirdi, sabunu götürdü, su kranını açdı.
Bumbuz su bədənimdən şırhaşır axmağa başladı. Dişimi dişimə sıxıb dözdüm.
Elə ki, sabunlamağa başladı, gözümü açdım, mürdəşirə susmaq işarəsi verdim, hələ ölməmişdən əvvəl ağzımda gizlətdiyim kağız pulları çıxardım, bir “onluq” verib xahiş elədim, soyuq suyu isti suyla əvəz eləsin.
Mürdəşir əvvəlcə donub qaldı, hiss elədim, qorxudan bədəni əsir. İşi belə görüb, tələm-tələsik ona məsələni açıb danışdım.
Mürdəşir gülümsündü, sağ olsun, soyuq suyu isti su ilə əvəz elədi.
Yaxşıca yuyunub, təmizləndim.
Elə bil doğrudan da ölmüşdüm, dünyaya təzədən gəldim.
Mürdəşir otaqdan çıxdı.
Onun şən və şaqraq səsini eşitdim:
- Gözünüz aydın, ölünüz dirildi!
Mənə elə gəldi, bu sözlər heç kimi dəhşətə gətirmədi, heç təccübləndirmədi də, çünki çöldəki üç-beş tanış-bilişdən belə təəccübü, heyrəti və ya dəhşəti ifadə edəcək səs-səmir duymadım.
Bircə xalaoğlunun şaqraq səsini eşitdim, kiməsə səslənirdi:
- Qaç qəbirqazana de, qəbir lazım olmadı, pulu qaytarsın!