7 Fevral 2017
Mətni dəyiş
“Bunu mən ona bənzədirəm ki, sanki savaş gedir və hücum olacağını bilirsən. Sən də tankları, artilleriyanı yığırsan bir yerə ki, hücum olanda onları qarşılayasan, hücum edən tərəf də bunu görüb qaçsın. Mən deyərdim ki, artıq İlham Əliyev qaçdı”.
Bunu Azadlıq Radiosuna hüquq müdafiəçisi Leyla Yunus Avropa Parlamentində insan haqları mövzusunda müzakirələrə münasibət bildirərkən deyib.
“Avropa Komissiyasının vitse-prezidenti Federika Mogherininin müavini mənə dedi ki, siyasi məhbus siyahısını İlham Əliyevə təqdim edəcəklər. Əliyev görəndə ki əlimiz ora da çatır, ona siyahını verirlər, yəqin anlayıb ki, Avropa Parlamentində daha açıq söhbət gedəcək. Orda Emin Milli, Xədicə İsmayılova da danışacaq. Bəlkə də fikirləşib ki, özünü saxlaya bilməyəcək, ona görə də geri çəkildi”.
Rəsmi məlumatda İlham Əliyevin Mogherini ilə görüşdə insan haqlarını müzakirə etmələri haqqında heç nə deyilmir. Leyla Yunus bu barədə Mogherinin özündən məlumat aldığını söyləyib:
“Ötən ay Mogherini ilə görüşəndə dedi ki, məlumatları mənə yollayın. Keçən həftə məlumatları ora göndərdim. Mən günün 4-5 saatını Strasburqdan, Brüsseldən verilən sualları cavablayıram”.
Hüquq müdafiəçisi hesab edib ki, bu məsələ heç də Bakıda hökumətyönlü KİV-in yazdığı kimi İlham Əliyevə qarşı təxribat deyil:
“Bu, təxribat deyil. Tarixçi kimi deyirəm ki, bu, döyüşdür. O, bizim üstümüzə korrupsiyalaşmış, mafioz orduyla hücum edir. Biz - beş-üç nəfər Azərbaycanda, Avropada bu hücuma dirənirik. Nə qədər tuthatut olar, repressiya olar? İndi qazamatda saxlananların sayı 160-dan çoxdur. Taleh Bağırzadəni 20 il müddətinə həbs etdilər, İlqar Məmmədovu buraxmırlar, REAL-ı “İran casusu” çıxarırlar, “Azadlıq” qəzeti bağlandı, Azadlıq Radiosunun ofisini qapadıblar... Daha neyləməlidirlər? Bircə baş kəsməkləri qalıb? Bu hücuma hüquq müdafiəçiləri, bloqqerlər, jurnalistlər, adi vətəndaşlar müqavimət göstərəndə və bir döyüşü udanda, bu, təxribat olur? Biz axıradək gedəcəyik”.
“Azərbaycanla Avropa Birliyi arasında strateji əməkdaşlıq sazişinin imzalanması nə dərəcədə ağlabatandır” sualına Leyla Yunus belə cavab verib:
“Hələ sovet vaxtında deyirdilər ki, siyasət çirkin işdir. Dəqiq heç nə deyə bilmərəm. Gürcüstana baxın, inkişaf edir, orda normal seçkilər keçirilir, prezidentlər dəyişir, insan hüquqlarına hörmət var... Azərbaycansa daha çox Türkmənistana, Özbəkistana yaxınlaşır. Nə qədər siyasi məhbus var, işgəncə var, işgəncəylə öldürülənlər var. Ona görə dəqiq nəsə demək olmur. Amma bizim məqsədimiz odur ki, Azərbaycan inkişaf etsin, bildiyimiz həqiqəti dünyaya çatdıraq”.